Bu il dekabrın 4-ü "Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti başa çatır.
Qaynarinfo xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev qanunun qüvvədə qalma müddətinin başa çatmasını şərh edib. Onun sözlərinə görə, qanunun müddətinin uzadılacağına inanmır:
"Böyük ehtimalla müddət daha uzadılmayacaq. Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki bu barədə xəbər yoxdur. Deməli, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri qüvvəyə minəcək. Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq.
Əslində bütün çatışmazlıqlara rəğmən, tam sığortalanma mexanizmi öz işini gördü və onu tarixə göndərməyin vaxtı çatıb. Son dəfə bağlanmış 4 bankın təcrübəsi göstərdi ki, tam sığortalanma mexanizmi xeyli problemlər yaradır. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə təkmilləşdirilməsinə ehtiyac var.
İlk növbədə əmanətlərin tam sığortalanması mexanizmindən imtina etmək və kompensasiya məbləğinə limitin tətbiqi. Bunun üçün "Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddətini uzatmamaq kifayət edir.
İkincisi, qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması. Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manat səviyyəsindən ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər.
Üçuncusu, qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda, nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əməkhaqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.
Dördüncüsü, əksdollarlaşma siyasətinin davam etdirilməsi. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1%-ə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar.
Beşincisi, kompensasiya verilməsi müddətinin dəqiqləşdirilməsi və qısaldılması. Qanunvericilikdə kompensasiyanın verilməsinə başlanması müddəti konkret göstərilməlidir. Eyni zamanda, bu müddət 5 təqvim gününə kimi qısaldıla bilər.
Altıncısı, ləğvetmə prosesində şəffaflığın təmin edilməsi. Ləğvetmə komissiyasının tərkibinə ictimaiyyət nümayəndələrinin, ekspertlərin daxil edilməsi, hərracların keçirilməsi prosedurlarının şəffaflaşdırılması vacibdir. Məlumatlar Fondun saytında detallı yerləşdirilməlidir.
Yeddincisi, Əmanətlərin Sığortalanması Fondunun işində şəffaflığın təmin edilməsi. Fond öz fəaliyyəti barədə detallı proqram və audit hesabatlarını açıqlamalıdır. Eyni zamanda, qorunan və qorunmayan əmanətlərin həcmi, valyuta strukturu, əmanət hesabları üzrə bölgüsü və s. meyarlar üzrə statistik məlumat bazası açıqlanmalıdır”.
Orxan Əhmədli
Şərhlər