Xəbər lenti

Azərbaycanda karbon emissiyalarına vergi tətbiq edilməlidirmi?
Ekonomiks 14:14 29.11.2024

Azərbaycanda karbon emissiyalarına vergi tətbiq edilməlidirmi?

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan son illər ekoloji durumun normallaşması istiqamətində mühüm addımlar atır. Bu addımlardan ən mühümü isə Bakıda ötən günlərdə başa çatan COP29 tədbiri oldu. Bu tədbirlə Azərbaycan ekoloji durumun stabil olmasında maraqlı olduğunu bir daha ortaya qoydu. 

Bunun davamı olaraq Azərbaycan hazırda ekoloji vergilərin yenilənməsi istiqamətində də addımlar atır. Artıq bu istiqamətdə müzakirələrə də başlanılıb. Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Bundan başqa, o deyib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur: 

"Ölkə olaraq milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq, karbon emissiyalarını azaltmaq üçün qiymət alətlərinin tətbiqi üzərində çalışırıq, onları öyrənirik. Sadəcə vergi ödəyicilərini əmin etmək istəyirik ki, hər hansı vergi tətbiq ediləcəyi halda sahibkarlığın inkişafına mane olmasın deyə ciddi təhlillər aparılır. Yəni, həm əhaliyə bunun təsiri olmasın, hansısa istehlak xərcləri artmasın, həm də mikrosahibkarların üzərində ciddi vergi yükü yaranmasın. Bir sözlə, sənayenin, ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma üzərində işləyirik".

Görəsən, karbon emissiyalarına vergilərin tətbiqi nə dərəcədə vacibdir? Onun tətbiqi iqtisadiyyata hansı təsir göstərəcək?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli karbon emissiyalarına vergilərin tətbiqini tamamilə yanlış yanaşma hesab edir: 

"Elmi əsası olmayan yanaşmadır. Bu, inkişaf etməkdə olan ölkələr üçün bir tələdir. Hazırda bir çox ölkələr bundan qaçmağı düşünür. Karbon emissiyasına vergilərin tətbiqi sənayenin inkişafının qarşısını kəsən əsas amildir. Bunu inkişaf etmiş ölkələr tətbiq edir ki, bizim kimi inkişaf etməkdə olan ölkələr inkişafdan geri qalsın".
 
 

Həmsöhbətimiz deyir ki, ölkədə vergilər kifayət qədər çoxdur, ona görə də azaldılmalıdır:

"Belə olan halda özlərindən yeni bir vergi növünü icad etmələri doğru yanaşma deyil. Azərbaycanda sənaye zəif inkişaf edib. Bu səbəbdən əksinə, daha rahat qanunlar olmalıdır ki, ölkəmizdə sənaye sahəsi yüksək səviyyəyə qalxsın. Hazırda heç bir sənaye məhsulu istehsal etmirik. Hər şeyi xaricdən alırıq. Belədə istehsal sahələrinə karbon vergisinin tətbiqi ilə zəif olan yerli istehsal daha da zəifləyəcək. ABŞ Trampın əvvəlki dövründə - 2017-ci ildə bu anlaşmadan çıxmışdı. Güman ki, indi də çıxacaq. Azərbaycan da bu gündəmi kənara qoyub, ölkənin fundamental problemlərinin həlli üçün əksinə, vergi güzəştləri barədə düşünməlidir".

Rüfət Sultan
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->