"Təbii ki, korrupsiyaya qarşı mübarizədə ictimai müqavimət də mühüm roil oynayır. Dövlət qurumları ilə yanaşı vətəndaşların da bu prosesə cəlb olunması effektiv nəticə verə bilər".
Bu sözləri Yenisabah.az-a keçmiş deputat Nazim Bəydəmirli Azərbaycanda da Ukraynada olduğu kimi korrupsiya xəbərçiləri haqda qanunun qəbul edilməsinə zərurət yaranıb-yaranmadığı barədə danışarkən deyib.
Məlumat üçün deyək ki, sözügedən qanun Ukraynda ötən ay qəbul edilib. Bu günlərdə isə Ukrayna Prezidenti Vladimir Zelenski qanunu imzalayıb.
Qanunda korrupsiya barədə məlumat verənlərə rüşvətin 10 faizi, yaxud dövlətin korrupsiya mexanizmi nəticəsində itirdiyi məbləği təklif olunur.
Ancaq xəbərçi 10 faizi o zaman əldə edir ki, rüşvətin məbləği minimum əməkhaqqının 5 min misli, yaxud daha artıq olsun – yəni indiki məzənnə ilə minimum 410 min dollar. Belə ki, xəbərçi verdiyi informasiyaya görə azı 41 min dollar əldə edə bilər.
Potensial xəbərçi cinayət haqda elə işlədiyi yerdə, yaxud media, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqı, yaxud Korrupsiyaya qarşı Dövlət Agentliyinə (NAZK) xəbər verə bilər. Ötürülən informasiya ilkin olaraq 10 gün ərzində təsdiqlənməlidir. Bundan sonra daxili təhqiqat aparılması, materialların hüquq-mühafizə orqanına ötürülməsi, yaxud faktlar təsdiqlənməzsə, işin bağlanmasına qərar verilir.
İlkin tapıntılar tamamlanandan sonra 3 gün ərzində ittihamçıya verilir. Daxili istintaqın müddəti 30 gün, gərəkərsə, 60 gündür. Xəbərçilər ən çoxu 51 min dollar, yaxud aylıq minimum maaşın 3 min mislini gözləyə bilərlər. Xəbərçilərin sayı birdən artıqdırsa, məbləğ onların verdiyi informasiyanın çəkisinə, əhəmiyyətinə uyğun olaraq bölüşdürülür.
Korrupsiya təhqiqatı ilə əməkdaşlıq edənlərə, məlumat verdikləri korrupsiya mexanizmində iştirak edənlərə pul mükafatı verilməyəcək. NAZK isə xəbərçilərin ötürdükləri informasiyanı nəzərdən keçirməli, onlarla əməkdaşlıq edərək onları qorumalı, informasiya ötürdüyünə görə onların hüquqlarını pozanları mühakimə etməlidir.
Xəbərçilər anonim qalmağı seçə bilərlər. Özləri və yaxınları şahidlərin qorunması proqramıyla mühafizə olunacaq. Onlar saxta informasiyaya görə məsuliyyətə cəlb oluna bilərlər.
Nazim Bəyədmirli bildirib ki, Ukraynada belə bir qanunun qəbulu gözlənilən idi. "Zelenski Prezident seçilməmişdən əvvəl bu barədə ictimaiyyətə məlumat vermişdi” deyən keçmiş deputat hesab edir ki, oxşar qanunun Azərbaycanda qəbulu əks effekt verə bilər. "Şübhəsiz Azərbaycanda korrupsiya milli bəlaya çevrilib. Lakin əminliklə deyirəm ki, oxşar qanunun qəbul edilməsi əks effekt verəcək. Çünki Azərbaycanda iri çaplı korrupsionerlər bu qanundan xırda korrupsionerləri cəzalandırma metodu kimi istifadə edəcək. Yəni, yenə də tibb bacıları, bələdiyyə üzvləri, müəllimlər və s. bu kimi yüksək vəzifə tutmayan, həmçinin iri məbləğlər mənimsəməyənlər cəzalandırılacaq. Bunun da səbəbləri var. Azərbaycanda media azad deyil, Milli Məclisə, məhkəmə sisteminə, korrupsiyaya qarşı mübarizə aparan qurumlara, komissiyalara inam qalmayıb.
Elə məmurlar var ki, hansısa daxili ziddiyyətlər üzündən həbs olunur, ona qarşı korrupsiya ittihamı irəli sürülür, milyonlarla vəsaiti mənimsədiyi iddia edilir. Lakin qısa müddətdən sonra azadlığa buraxılır. Bu da əhalidə müvafiq qurumlara inamsızlıq yaradır”, - deyə Nazim Bəydəmirli vurğulayıb.
Keçmiş deputat hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə media və məhkəmə azadlığı, eyni zamanda yüksək vəzifəli məmurların şəffaf fəaliyyəti nəticəsində effekt verə bilər: "Məmur sahibkarlığına son qoyulmalı, monopoliya aradan qaldırılmalı, vətəndaş cəmiyyəti institutlarının, medianın azadlığı təmin olunmalıdır. Bu zaman korrupsiyanın qarşısını almaq mümkündür”.
Şərhlər