İdman 22:30 13.09.2020

Azərbaycanda oynamış futbolçu ölüm təhlükəsi qarşısında

"Sabah"ın sabiq futbolçusu Rocer Roxas həyatı təhlükə yaşayır.

Bu ilin əvvəlində Azərbaycan klubunu tərk edərək Kolumbiyanın "Deportes Tolima" klubuna keçən 30 yaşlı hücumçunun qəbul etdiyi dərmanlar həm karyerasını, həm də həyatını təhlükəyə atıb.

Xroniki əzələ ağrılarından əziyyət çəkən forvard klubun həkimlərindən icazə almadan dərman qəbul edib ki, bu da hiperkalemiyaya - yəni bədəndə kaliumun çoxluğuna səbəb olub. İndi honduraslı futbolçu 3 ay məşq etməməlidir. Əks təqdirdə qəfil ölüm hadisəsi yaşana bilər. Bu da o deməkdir ki, Roxas ilin sonuna qədər futboldan uzaq qalacaq və yanvarda azad agent statusuna yiyələnəcək.

Ancaq "Deportes Tolima"nın baş məşqçisi Ektor Torres Olivos bununla bağlı təlimat almadığını söyləyib: "Roxasın zədədən əziyyət çəkdiyi doğrudur. Ancaq heç kim onun 3 ay oynamayacağını bildirməyib. Nə həkim, nə də klub prezidenti bu müddətdə futbolçunu meydana buraxa bilməyəcəyimi deyib".

Qeyd edək ki, Rocer Roxas ötən ilin yayında Kosta-Rika klubu "Alaxuelense"dən "Sabah"a keçsə də, cəmi 6 ay sonra Bakı təmsilçisi onunla yollarını ayırıb.

Mənbə: Apasport.az