Xəbər lenti

Azərbaycanda pensiya təyinatı sahəsində proqram hazırlanıb
Ölkə 10:25 12.01.2019

Azərbaycanda pensiya təyinatı sahəsində proqram hazırlanıb

"Pensiya təyinatı sahəsində "Pensiyaçının dostu” proqramı hazırlanıb və bu ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb”.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazir qeyd edib ki, bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə "sms”, e-mail və məktub göndərilir.

S.Babayev bildirib ki, islahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır: "Bu mühüm sosial təşəbbüs cari ildə əlavə olaraq 19 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaq. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaq”.

"Hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.

Ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Sizin sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib”- deyə nazir çıxışına əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->