Qaynarinfo Beauttech gözəllik salonu şəbəkəsinin və Beauttech stilist məktəbinin yaradıcısı Elnarə Nəhmədovanın finans.az-a müsahibəsini təqdim edir:
- Siz kifayət qədər iri gözəllik salonu şəbəkəsinin yaradıcısısınız. Bu işi qurmağı necə bacardınız? Əsasən kişilərin üstünlük təşkil etdiyi bir biznes mühitində rəqabətə necə davam gətirdiniz?
- İlk öncə mən bir peşəkaram və bu sahəni sevdiyim, özümü öz yerimdə hiss etdiyim üçün gözəllik salonu biznesində uğurlu oldum. Mühitə gəldikdə isə, düşünürəm, müasir zamanda artıq qadının öhdəsindən gəlməyəcəyi iş yoxdur. Azərbaycanda son zamanlar çox xanım müxtəlif sahələrdə öz bacarığını əminliklə təsdiq edib. Bu artıq faktdır.
- Gözəllik salonlarının daxilində həm də stilist məktəbi fəaliyyət göstərir. Yalnız 2 ilə yaxın uğurlu təcrübə keçib təkmilləşən ustalar sizin salonlarda çalışa bilərlər. Tələbləriniz bir qədər sərt deyil? Səbri çatmayan, o qədər də davamlı olmayanların taleyi necə olur? Bəlkə təcrübə müddəti bir qədər az olsaydı, kimsə də özünü bu peşədə tapardı?
- İlk 6 ay tələbələrim üçün sınaq müddətidir. Bu müddətdə biz onların səbirli olub-olmadığını, işə olan münasibətini, kollektiv içində işləmək bacarığını yoxlayırıq. Bizim iş çox məsuliyyətlidir, müştəriyə olan hörmət, səmimiyyət, peşəkarlıq çox vacibdir. Məktəbdə tək bir peşə üzrə deyil, müxtəlif təlimlər keçilir. Gənclər həm də özlərini kontrol etməyi, ünsiyyət qurmağı, özlərini düzgün ifadə etməyi öyrənirlər.
- Siz daim özünüzü təkmilləşdirən insanlardansınız. Əvvəllər də, elə günü bu gün də xarici ölkələrdə təşkil olunan təlimlərə qoşulursunuz. Bəs sizin komanda üzvlərinin belə bir imkanı olurmu? Yeniliklərdən necə xəbər tuturlar?
- Bizim peşə hər bir peşə kimi daim inkişaf edir və yeni biliyə sahib olmaq şərtdir. Şəxsən özüm hər zaman Avropada dünyaca məşhur brendlərin təlimlərinə qatılaraq yeni ideyalarla Bakıya geri dönürəm. Bizim sənət özü bir incəsənət növüdür. Biz yaradıcılıqla məşğuluq və məhz bu səbəbdən salonlarımda çalışan ustalar daim Avropada reallaşan ən öndə gedən təlimlərə qoşulurlar.
- Komandada itki olurmu? Axı həyat bizə daim sürpriz gətirir. Kimsə ailə həyatı qura, kimsə ana ola bilər. Peşəni tərk edib gedənləri necə əvəzləyirsiniz?
- Kadr itkisi hər biznesdə olur. Amma yenə də başqa salonlarla müqayisədə bu kəmiyyət azlıq təşkil edir. Biz ustaları özümüz yetişdiririk və kənardan məşhur olsa da, hazır müştəri bazası olan ustaları işə almırıq.
İtki olsa belə, Beauttech artıq keyfiyyətli Azərbaycan brendı kimi tanınır və bizim müştərilər bilir ki, bizim əməkdaşlar bir məktəbin ustalarıdır və bu səbəbdən işdən ayrılan birisini bizdə çalışan digəri əvəzləyir. Bu mənim arzum idi: müştəri ustaya yox, bir gözəllik markasına bağlanmalıdır. Nəticə bu yolun düzgünlüyünü sübut edir.
- Ümumiyyətlə şirkətdaxili münaqişələr olurmu?
- İnsan emosional varlıqdır, münaqişənin olması da təbiidir. Amma şirkət daxilində hamı bilir ki, bizim gücümüz komanda gücüdür və bir-birinə ən az hörmət mütləqdir. Xırda münaqişələr baş versə də, dərhal yerindəcə həll edilir.
- Öz yetirmələrinizdən sizə rəqib olanı, öz işini quranı varmı? Buna necə baxırsınız?
- İstəyən olub, amma, təəssüf, uğurlu olmayıb. Mən hər zaman qeyd edirəm ki, əgər onlar iş sahibi olmaq istəsələr, o zaman mən şəxsən düzgün şəkildə bu işi qurmağa hazıram. Bu səbəblə 2020-ci ilin əvvəlindən artıq françayzinq sistemi fəaliyyət göstərməyə başlayacaq. Təcrübəli və həvəsi olan ustalara öz salonlarının açılmasında köməklik göstərəcəyəm.
- Sizin peşəniz insanlara gözəllik bəxş etmək, onların üzdə görünməyən müsbət tərəflərini qabartmağa bağlıdır. Auditoriyanız da əsasən qadınlardır. Onları qısa müddətə belə olsa, xoşbəxt edə bilirsinizmi? Müştəriləriniz sizin şirkətin xidmətindən nə dərəcədə razı qalırlar?
- Şirkət üçün müştəri məmnuniyyəti çox vacibdir və hər müştəri ilk öncə salonumuzun qonağıdır. Bu səbəbdən keyfiyyəti qorumaq üçün xüsusi Beauttech loyallıq sistemi yaradılıb. Bu proqram bizi çox irəliyə apardı, çünki hər zaman geri dönüşlərin tərəfdarıyıq və buna çox böyük diqqət yetiririk. Daimi anketlər, sosial şəbəkələr, öz CRM sistemi və ildə iki dəfə təşkil edilən tədbirlərin köməyi ilə müştəriləri sorğuya çəkirik, nəticə əldə edirik. Sorğuların 90 faizi müsbət olur. Narazı qalan müştərilərlə isə baş menecer, ya da şəxsən özüm əlaqə saxlayıb səbəbini araşdırır, həllini tapırıq. Mən bir qadın kimi gözəl görünməyin qadın üçün nə qədər vacib olduğunu dəqiq bilirəm. Məqsədimiz həm də müştəriyə sevinc və müsbət enerji bəxş etməkdir.
Şərhlər