"Tələbə konkret olaraq dövlət tərəfindən işlə təmin olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə qəbulla bağlı qərara edilən dəyişikliyə aydınlıq gətirərkən deyib. Kamran Əsədov "Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasını mütərəqqi addım hesab edir:
"Çünki 2009-cu ildə Azərbaycanda Təhsil Haqqında Qanun qəbul edildi. Təhsilin ayrı-ayrı pillələri üçün ayrıca qanun layihəsinin qəbul edilməsi zərurəti çoxdan ortaya çıxmışdı. Ən vacib məqam isə ali təhsil müəssisələri haqqında qanunun qəbul edilməsi idi. Artıq biz bu prosesə gəlib çatdıq. Hesab edirəm ki, ali təhsil müəssisələri haqqında qanun çox məsələləri həll edəcək. Burada ən vacib məqamlardan biri təhsilin idarə edilməsidir. Bundan əlavə ali təhsil müəssisələrinin əmək bazarının tələbinə cavab verən kadrların hazırlığının həyata keçirilməsidir. Biz bununla bağlı həmişə narazılıqlarımızı bildirmişik. Ali təhsil müəssisələrində keyfiyyət əmək bazarının tələbinə və müasir standartlara cavab vermir. Burada milli diplom bazasının yaradılması da əksini tapıb. Çox təəssüf ki, bir çox hallarda Azərbaycanda dövlət nümünəvi olmayan diplomlar əmək bazarına daxil olur. Və bir çox hallarda ali təhsil almaq istəyən şəxslər saxta yollarla diplomlar əldə edir, sonradan onlar əmək bazarında işə qəbul edilirlər. Milli diplom bazası artıq imkan verəcək ki, identifikasiya kodu vasitəsi ilə hər kəs özünün təhsil haqqında sənədlərini oradan çıxara biləcək”.

Kamran Əsədov qeyd edib ki, diplomların saxta yollarla verilməsi problemi artıq Azərbaycanın təhsil sistemində başa çatacaq:
"Digər tərəfdən biz ali təhsilin yeni mərhələsinə qədəm qoymuşuq. Bu, ali təhsil müəssisələrində təhsil alan şəxlsərin təhsil haqlarının ödənilməsi ilə bağlıdır. Yəni, ali təhsil haqqında qanunda ən vacib məqamlardan biri tələbələrə kreditlərin verilməsi ilə bağlıdır. Bu günə kimi Azərbaycanda tələbələrə kredit verilməsi üçün Maarifçi Kredit fondu var idi. Amma o fond kifayət qədər tələbəyə kredit vermədi. Yeni mexanizm kifayət qədər güzəştlidir. Təhsil alma və universitetin hüquq formasından asılı olmayaraq istər özəl, istərsə də dövlət təhsil müəssisələrində oxuyan hər kəs kredit üçün müraciət edə biləcək. Kredit güzəştli şərtlərlə veriləcək. Həmin şəxs təhsilini başa vurduqdan sonra işlə təmin olunacaq və kreditlərini ödəyəcək. Amma güzəştlər var. Akademik göstəriciləri əla olan tələbələr eyni zamanda beynəlxalq yarışlarda 2-3-ci yerləri tutanların kreditləri bağışlanacaq”.
Bahar Rüstəmli
Şərhlər