Son 2 ay ərzində ölkədə 500-dən çox zəlzələ baş verib, seysmik aktivliyin müşahidə olunduğu ərazilər açıqlanıb
Bu il ərzində Azərbaycanda seysmik aktivlik müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, cari ilin 2 ayı ərzində ölkədə 500-dən çox zəlzələ baş verib. Q.Yetirmişlinin sözlərinə görə, yeraltı təkanların bəzisi hiss olunsa da, əksəriyyəti hiss olunmayıb.
O vurğulayıb ki, Xəzərdə, Hacıqabulda maqnitudası 5-dən yuxarı olan zəlzələlərin baş verməsi ilin əvvəlindən ölkədə aktivliyin olduğunu deməyə əsas verir: “Hazırda ölkədə seysmik şəbəkə sistemi çox geniş qurulub və ölkə daxilində gedən proseslərin hamısını - zəlzələləri, aktivliyi, geodinamik prosesləri izləmək imkanına malikik.
Respublika ərazisi dərinlik və tektonik qırılmalarla əhatə olunub, bloklara parçalanıb. Zəlzələlərdə həmin bloklarda baş verən hərəkət nəticəsində baş verir. Bloklarda gedən proseslər nəticəsində aktiv qırılmaların qanadları, onun orta hissəsi və digər aktiv yerlərində hərəkət gedir və nəticədə yeraltı təkanlar qeydə alınır”.
Q.Yetirmişli qeyd edib ki, ölkə ərazisində əsas seysmik aktivlik Xəzərin orta və şimal hissəsində, Böyük Qafqazın cənub-şərq yamacında - Şamaxı İsmayıllı seysmogen zonasında müşahidə olunur. Qəbələdə seysmik aktivliyin başladığını deyən mərkəzin baş direktorunun sözlərinə görə, cənuba doğru Qərbi Xəzər və Ələt dərinlik qırılmaları Hacıqabul, Şirvanda zəlzələlərə səbəb olub: “Aktivləşmə hiss olunmayan zəlzələlərlə davam edir. Ölkə üzrə çox güclü seysmik aktivlik olmasa da, hiss olunan zəlzələlərdən başqa, qeydə alınan zəlzələlər fon səviyyəsindədir”.
Qaynar.info
Şərhlər