Azərbaycanda tarixi tapıntı: 6 min il yaşı var (FOTOLAR)

Azərbaycanda tarixi tapıntı: 6 min il yaşı var (FOTOLAR)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilir.

"Report"un məlumatına görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə qoruq ərazisində yerləşən Sarıyoxuş dərəsi adlanan yerdə 2 kurqanda arxeoloji qazıntılar aparılır.

Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli və digər əməkdaşları qoruqda həyata keçirilən layihənin gedişi ilə tanış olublar.

Layihə haqqında məlumat verən "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev ərazidə ötən ilin dekabr ayından 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə və arxeoloji kəşfiyyat işlərində ərazidə yerləşən kurqanların qeydə alındığını, GPS koordinatlarının götürüldüyünü bildirib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq Pərviz Qasımov aparılan arxeoloji işlər haqqında məlumat verib. Bildirib ki, ərazidə yerləşən çoxsaylı kurqanlardan ikisi tədqiq olunub.
İlkin tədqiqatlar zamanı dəfn kamerasında Son Tunc və İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan qara cilalı, üzəri naxışlı bir neçə küp, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, tuncdan hazırlanmış geyim aksessuarları tapılıb.

Kurqanların birində həmçinin qədim Şərqdə geniş yayılmış silinirik möhür və dövrünün yüksək statuslu şəxsinə məxsus olduğu ehtimal olunan müxtəlif heyvanların qalıqlarının yer aldığı qurbangah aşkar olunub.

Mətbuata açıqlama verən Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, kurqanlardan aşkar olunmuş üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizindən sonra dəfn yerlərinin əhatə etdiyi tarixi dövr tam dəqiqləşəcək. Eyni zamanda kurqanların qorunması üçün də müvafiq işlər həyata keçiriləcək.

İyunun 15-dən başlayan layihədə qoruğun əməkdaşları ilə yanaşı könüllülər də yaxından iştirak edirlər.

Layihənin fəal iştirakçılarına Dövlət Xidmətinin sertifikatları təqdim olunub.

XƏBƏRLƏR
BLOGLAR
X