Ekonomiks 16:00 10.06.2021

Azərbaycandakı xarici şirkətlərdə nə üçün həmkarlar ittifaqı yoxdur? (ŞƏRH)

"Özəl sektor və transmilli korporasiyalar həmkarlar ittifaqlarının yaranmasına imkan vermirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Azərbaycanda özəl sektorda hələ də həmkarlar təşkilatlarının yaranmaması səbəblərindən danışarkən deyib. Onun fikrincə, belə vəziyyət obyektiv səbəblərdən qaynaqlanır:
 
"Həmkarlar İttifaqı əsasən dövlət təşkilatlarında və onun tabeçiliyindəki təsərrüfat subyektlərdə yaranıb. Özəl sektorda isə həmkarlar ittifaqları demək olar ki, yox dərəcəsindədir. Sahibkarlar, biznes strukturları özəl sektorda bu kimi təşkilatların yaranmasına imkan vermir”. 

S. Məmmədov sözügedən məsələdə belə durumun yaranmasında işçilərin özlərini də günahkar sayır: 

"Prosesdə işçilərin özləri də aktivlik nümayiş etdirməlidir. İşçilər fəal olmayanda həmkarlar ittifaqları da onları aktiv şəkildə müdafiə edə bilmir. Bu, bütün dünyada belədir. Özəl sektorda bu kimi qurumların olması üçün işçilərin özləri təşəbbüs göstərməlidir. Çünki həmkarlar yuxarıdan yaranmır, aşağıdan yaranır. Onlara bu işi gerçəkləşdirməkdə həqiqətən də maneə olur, imkan vermir, təqib edirlər. Məsələn, BP və onun operatorları həmkarlar ittifaqının yaranması istiqamətində istənilən kiçik təşəbbüsü dərhal boğur, bu yöndə təşəbbüs göstərən işçiləri təqib edir, işdən qovur. Belədə, həmin işçiləri sonradan digər şirkətlər də işə götürmür. Onun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqları demək olar ki, yoxdur. Həmkarlar İttifaqı Konfederasiyası da buna görə onlarla bacarmır”. 

Rüfət Sultan