Təəssüflər olsin ki, Edvard Nalbandyan AŞ Nazirlər Komitəsinin sədri kimi yox, Ermənistan xarici işlər naziri kimi çıxış etdi. Bu isə AŞ-nin qəbul olunmuş qaydalarının kobud şəkildə pozulması deməkdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə AŞ PA-nın yay sessiyasının yekunlarını şərh edərkən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Seyidov bildirib ki, bununla bağlı Azərbaycan tərəfi öz etiraz məktubunu artıq Avropa Şurasının rəhbərliyinə təqdim edib: "Orada bənd-bənd göstərilib ki, Edvard Nalbandyan çıxışında düzgün olmayan, reallığı əks etdirməyən, Azərbaycana qarşı tamamilə aidiyyəti olmayan məsələləri təqdim edib. Bu məsələlərin düzgün olmaması bir tərəfə, yenə qeyd etmək istəyirəm ki, AŞ Nazirlər Komitəsinin sədri kimi, onun bu tərzdə çıxışı AŞ-də qəbulolunmaz bir məsələdir. Ona görə, bu məsələ ilə bağlı AŞ PA-nın Monitorinq Komitəsinin üzvləri buna öz etirazlarını bildirdilər".
Onun sözlərinə görə, AŞ PA Bürosunun bu gün keçirilən iclasında Edvard Nalbandyanın çıxışı məsələsi yenidən gündəmə gəldi və eyni şəkildə bir daha təkrarlandı ki, altı ay sədrlik müddətində bu məsələləri etmək olmaz və bunun qarşısı alınmalıdır: "Mən də Azərbaycan nümayəndə heyətinin sədri kimi, AŞ PA sədrinə ünvanladığım məktubu gündəmə gətirdim".
Qaynar.info
Şərhlər