Azərbaycanı “Eurovision”da bu qız təmsil edəcək (FOTO/VİDEO)
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Şirkətdən Qaynarinfo-ya bildirilib ki, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.
Məlumata görə, ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.
Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.
Daha öncədən də "Eurovision” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", "Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.
Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı "Open up!” ("Açıl!") olan "Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.
Samirə Əfəndi özü də bu barədə paylaşım edib: "Günün ən gözəl xəbəri! Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər