Xəbər lenti

Siyasət 12:41 05.08.2020

"Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar Ermənistanın işğalçı olduğunu təsdiqləmiş olur"

"Əvvəla, Azərbaycanın işğal olunmuş ərazisində hüquqi baxımdan, faktiki heç bir respublika fəaliyyət göstərmir. Yəni o qondarma rejimi - mən onu "qeyri-hökumət təşkilatı” adlandırıram - nəinki dünya birliyi, heç Ermənistanın özü tanımır. Ona görə də onların işğal olunmuş Azərbaycan torpaqlarına özlərinin status verməsi heç bir hüquqi gücə malik deyil".

Bunu "MediaPost"a açıqlamasında hərbi jurnalist, informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.

O bildirib ki, başda Türkiyə, Rusiya, Avropanın bir çox dövlətləri olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bu gün ermənilərin bəhs etdiyi əraziləri işğal edilmiş Azərbaycan torpaqları kimi qəbul edirlər:

"İşğal edilmiş torpaqlarda xalqların öz müqəddəratını həll etməsi məsələsi ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaların heç bir hüquq əsası yoxdur. Azərbaycan vətəndaşları öz tarixi torpaqlarından, xüsusilə Qarabağdan (buna qədər də Göyçədən, Zəngəzurdan deportasiyalara məruz qalıblar) uzaq düşüblər, qovulublar. Onlara qarşı təkcə hərbi yox, eləcə də mənəvi, psixoloji təcavüz olunub. Nəticədə də dinc, əli silahsız adamlar öz ev-eşiklərindən qaçmağa məcbur olublar. Bizim insanlarımızın hüququ yalnız Qarabağda deyil, elə Zəngəzurda da pozulub, Göyçədə də. Qarabağda isə ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü pozulub və oranın dədə-baba sakinlərinə qarşı hərbi, siyasi, mənəvi, psixoloji, sosial təcavüz olunub. Xocalıda uşaqlı, qadınlı yüzlərlə insan öldürülməyibmi? Bu soyqırımı faktında Ermənistanın birbaşa iştirakı tarixi sənədlərlə sübuta yetirilib. Serj Sarqsyan da müsahibəsində xüsusi vurğulamışdı ki, azərbaycanlılar Xocalı hadisələrinə kimi elə düşünürdülər ki, ermənilər dinc əhaliyə qarşı silah qaldırmaz. Bu, həm siyasi sənədlərdə, həm hüquqi bəyanatlarda öz təsdiqini tapmış məsələdir".

İ. Rüstəmli bildirib ki, Dağlıq Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz parçasıdır. Tarixən burada yaşayan insanların böyük hissəsi azərbaycanlılar olub: "Əgər Ermənistan xalqların öz müqəddəratını sərbəst şəkildə müəyyən etmək aktını qəbul edirsə, birinci Göyçədə, Zəngəzurda yaşayan azərbaycanlıların müqəddəratı məsələsini müzakirə etməliyik. Erməni Azərbaycan ərazisini işğal edir, dünya birliyi işğal faktını tanıyır, ancaq Ermənistan qondarma rejim haqqında danışır. Tutaq ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyırsa, deməli o, həm də Ermənistanı işğalçı ölkə kimi tanıyır. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deyirsə, bu, o demək deyil ki, məsələ sadəcə Azərbaycan torpağını tanımaqla bitir. Xeyr! Bu, həm də Ermənistanı işğalçı ölkə kimi tanımaq deməkdir. Bu gün bunu Rusiya da deyir, istisnasız olaraq Avropa ölkələri də. Əvvəlcə, Ermənistan işğal olunmuş tarixi Azərbaycan torpaqları ilə bağlı məsələyə münasibət bildirsin, sonra xalqların öz müqəddəratı haqqında danışsın. Azərbaycan torpaqları işğal olunubsa, həmin ərazilərdə Azərbaycan hüquqlarından söhbət gedə bilər. Qarabağdakı "qeyri-hökumət təşkilatını” özləri də daxil olmaqla, heç bir dövlət tanımır. Son hadisələr göstərdi ki, erməni xalqı da bilir ki, bu torpaqlar onlara məxsus deyil. Ona görə kiçik bir hadisə olan kimi İrəvana doğru qaçırlar. Yaşadıqları  torpaqlarda dinc insanların qanının axıdıldığını bildiklərinə görə, burada yaşamağın mümkünsüzlüyünü anlayırlar. Mən Ermənistan hökumətinin və qondarma rejimin siyasi fiqurlarının bəyanatlarını növbəti informasiya təxribatı adlandırıram. Onların bu istiqamətdə iddialı bəyanatları əsassızdır. Etdikləri hərbi təcavüzə cavab verməlidirlər. Onların qaldırdığı məsələnin müzakirəsinə qədər danışmalı olduqları yüzlərlə məsələ var. Müzakirə obyekti olacaq təklif yalnız Azərbaycan tərəfdən irəli sürülməlidir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->