Bu gün oktyabrın 18-də Azərbaycan müstəqillyinin bərpasının 28-ci ildönümüdür. Ölkə tarixinin ən şərəfli günlərindəndir. Bu, Azərbaycanın gələcəyinin istiqamətini müəyyənləşdirən gündür.
Azərbaycan müstəqilliyinin bərpa etdiyi gündən demokratik dəyərlərə, Avropaya intqerasiyaya üstünlük verib. Bu prioritet indi də davam edir.
Təəssüf ki, Azərbaycandan asılı olmayan səbəblərdən sovetlərdən bir sıra problemlər də qalıb. Bunların ən yaralısı və ağrılısı Dağlıq Qarabağ və ətraf rayonların işğal altında saxlanılmasıdır. Bu hal ölkədə daha böyük və əhatəli işlərə mane olan başlıca amillərdəndir.
İşğal amilindən daxildə görünməyən əllər və xarici düşmənlər Azərbaycana təzyiq vasitəsi olaraq yararlanır.
Bir nümunə göstərək. Son günlər Türkiyə və ABŞ arasında, Suriya ərazisində təhlükəsiz bölgənin yaranması ilə bağlı gərginlikdən Ermənistanda Azərbaycana qarşı istifadə etməklə bağlı çağırşılar oldu. Bu baxımdan ölkədə yarancağı ehtimal olunan, yardılacaq istənilən qarışıqlıqdan Azərbaycanın ərazi bütövlüyünün yenidən pozulmasına istifadə edilməyəcəyinə təminat yoxdur. Bunun niyəsinin də çoxsaylı regional və təhlükəsizlik səbəbləri var.
Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinin zaman baxımından heç müxalifətin özü üçün də uğurlu olmadığını söyləmək olar. Çünki hazırda ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi üçün emosional mühit, sosial sifariş yoxdur. Problemləri isə hakimiyyət bəyan etməklə yanaşı, onun həlli istiqamətində də addımlar atır. Təkcə bu misalları çəkməyimiz kifayətdir: Dövlət başçısının 18 iyun 2019-cu il sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqqına da 20-50 faiz artımlar edilib. Maaş artımı ilə bağlı sərəncamlar 1 milyon 350 min insanı əhatə edib. Elə bu ayın - oktyabrın 1-də isə isə əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib...
O başqa məsələ ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.
Ancaq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
Azərbaycan və Türkiyənin düşmənləri eynidir. Məlum ərazi (metronun "28 May" stansiyası) əhalinin sıx olduğu yerdir. Mühafizə zonalarında aksiya zamanı istənilən arzuedilməz və xoşagəlməz hadisəyə görə məsuliyyəti kim daşıyacaq? Qanunla həmin ərazidə aksiyaların keçirilməsini qadağan edilir. Deməli, arzuedilməz və xoşagəlməz hadisələrin məsuliyyətini kimin daşıdığı da məlumdur...
Türkiyənin "Barış pınarı” antiterror əməliyyatının düşmənlərinin Azərbaycanda da fəaliyyət göstərdiyi istisna edilmir. Belə bir halda və indiki şəraitdə şüarları qeyri-müəyyən olan aksiyanın keçirilməsi nəyə xidmət edir?
Onda, belə çıxır ki, aksiya keçirmək istəyənlərin yeni təşəbbüsü yoxdur. Yaxud, hakimiyyətin həyata keçirdiyi sosial tədbirləri "biz deməsəydik etməyəcəkdilər” deyərək adlarına çıxmaq istəyirlər. Bu, köhnəlmiş, işlənmiş populist üsuldur.
Hadisələr deməyə əsas verir ki, bu sayaq aksiyalardan daha çox xarici qüvvələr Azərbaycana qarşı istifadə edirlər. Bu, ölkənin iqtisadiyyatına, turizm potensialına inkişafına, sərmayə qoyuluşuna ciddi ziyan vurur. Ölkədə qarışıqlığın yaradılması şəraiti isə cəmiyyəti parçalamaq istəyənlərə sərf edir.
Azərbaycanın inqilaba deyil, islahata ehtiyacı var. İkinci daha uzun yoldur və daha çox dözüm tələb edir. Bu istiqamətdə birgə fəaliyyət daha uğurlu nəticə verər. O halda uğur əldə etmək hay-küy, qarışıqlıq, qalmaqaldan, dövlət maraqlarına ziyan, cəmiyyətin parçalanmasından daha yaxşı deyilmi?!
Mənbə: Report
Şərhlər