Ekonomiks 17:37 13.10.2021

Azərbaycanın neçə illik neft-qaz ehtiyatları var? - Ekspert

"Bizim minimal olaraq 6 milyard bareldən aşağı olmayan neft ehtiyatımız mövcuddur. "Azəri-Çıraq-Günəşli”dən neft hasil etməyimiz 2050-ci ilə qədər davam edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İtaliyanın "Eni" şirkəti 2021-ci ilin əvvəlinə Azərbaycanın neft ehtiyatlarını 6,978 milyard barel həcmində qiymətləndirilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, "Şahdəniz” yatağından qaz ehtiyatlarının çıxarılması isə hardasa 2060-2080-ci ilə kimi davam edəcək:


"Bu, qazın satışı ilə bir başa əlaqəsi olan məsələdir. İtaliya şirkəti hesab edir ki, Azərbaycanın hazırda 943 milyon ton neft ehtiyatı var. Ümumilikdə götürəndə onların açıqladığı ehtiyat BP-nin hər il açıqladığı Azərbaycanın ehtiyatından, yəni 7 milyard bareldən fərqli bir rəqəm deyil. Həmin həcmin hansı yataqlar üzrə olduğunu açıqlasaydılar, onda dəqiq bir mənzərə olardı, yəni hansı yataqlar əsasında bu nəticəyə gəliblər”.

İlham Şaban bildirib ki, reallıqda ən böyük yatağımız "Azəri-Çıraq-Günəşli”dir:

"Onun ehtiyatı 1 milyard tondur. 1 milyard tonun təqribən 530 milyon tonu artıq çıxarılıb. Dövlət Neft Şirkətinin balansında olan yataqlarda isə 100 milyon tondan bir qədər artıq ehtiyat var. Yəni belə götürsək, ondan sonra kondensant yataqlarına baxmalıyıq. Hesab edək ki, 150 milyon ton da kondensat yataqlarında, 470 "Azəri-Çıraq-Günəşli”, 100 milyon SOCAR və s.-də var. Bizim minimal olaraq 6 milyard bareldən aşağı olmayan ehtiyatımız mövcuddur”.

Bahar Rüstəmli