Aydın Səlimli
Siyasət 09:41 05.11.2021

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasına nə maneə olur?

Aydın Səlimli
 
Dünyanın 164 ölkəsi Ümumdünya Ticarət Təşkilatına qoşulub. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, bu təşkilata qoşulmayıb. Əgər siyahıya digər ölkələri də əlavə etsək, post-sovet məkanında da mütləq əksər dövlətlərin bu təşkilatın üzvü olduğunu görərik. Keçmiş post-sovet məkanında təmsil olunan ölkələrdən yalnız Belarus, Türkmənistan, Tacikistan, Azərbaycan və Özbəkistan bu təşkilatın üzvü deyil və danışıqlar prosesini davam etdirir.

Bir çox hallarda ekspertlər belə fərziyyə irəli sürür ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasına şimal qonşumuz Rusiya maneə ola bilər.
 
Əslində isə Rusiyanın bu prosesə maneə olmaq kimi cəhdləri müşahidə edilmir. Buna nümunə kimi 14-cü "Valday” konfransında çıxışı zamanı amerikalı jurnalistin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin Amerika və Rusiya münasibətləri üçün bu sözləri də deyib.
 
"Yaxşı şeylər də var idi, mən də sizinlə həmfikirəm – məsələn, ÜTT -yə üzvlüyə dəstək. Bu, doğrudur və digər müsbət inkişaf cəhdləri də oldu.”

Görünən odur ki, Rusiya prezidenti ÜTT-yə üzvlüyə verilən dəstəyi müsbət qiymətləndirib.

Həmçinin, Rusiya özü 2012-ci ildə ÜTT-yə üzv olubsa və anoloji olaraq digər MDB ölkələri də (Qazaxıstan ,Ukrayna və Qırğızıstan) bu təşkilata üzv ola bilibsə, hansısa mənada Rusiya Azərbaycanın da bu təşkilat üzvlüyünə irad bildirə bilərmi?

Azərbaycanda rəsmilərin əsas ifadə elədikləri fikirlərdən biri də Azərbaycanın bu təşkilata üzvlüyə hazır olmadığı və üzv olacağı təqdirdə yerli məhsulların rəqabatə davam gətirə bilməyəcəyidir.

Mənbələrə nəzər yetirdikdə görmək olar ki , qeyri-neft sektronun ÜDM-un yalnız 37.2% təşkil etdiyi, ixracatımızın isə 88.9%-nin neft və qaz kimi təbii sərvətlərdən formalaşdığı halda yerli istehsala təhdidin formalaşa biləcəyi tam real gözlənti deyil. İlkin zamanda hansısa tendensiya müşahidə olunsa belə, orta və uzun müddətli perspektivdə bu təşkilata üzvlük böyük faydalar verə bilər.

Müqayisə üçün bildirək ki, Azərbaycan bu gün Çin və digər ölkələrlə geniş ticarət aparır. Ancaq hansısa mənada bu ölkələrdə istehsal olunan məhsulların yerli bazarda çətinlik yaratdığının şahidi olumuşuqmu?

Əlavə edək ki, bu cür təşkilatlara üzvlük ixracın şaxələnməsi, əhalinin müxtəlif qruplarının daha əlçətan istehlak zəmbili ilə təmin olumması və digər faydaları özündə ehtiva edə bilir.

Ümumdünya Ticarət Təşkilatına üzvlüyün üstün cəhətləri olsa da, bu təşkilata üzvlük üçün müəyyən tələblər də mövcuddur. Burada gömrük sistemində islahatlar aparmaq, qanunda idxal-ixrac məsələlərini nizamlamaq, vahid kvotalar, müxtəlif məhsul seqmentləri üzrə ilkin göstəricilərin uyğunlaşdırılması tələb edilir.

Bəs bu amillər ölkəmiz üçün nə qədər önəmlidir ?

Azərbaycanda son dövrlər bir çox sektorlarda islahatlar keçirilsə də bu bütün əhali qruplarını əhatə etmir. Rəsmilər bir çox hallarda mövcud problemləri həll eləmək üçün sistemin optimaziyası kimi yüksək texnologiyadan istifadə eləməyə, bir çox sahələrdə isə problemləri "4- cü sənaye inqilab”-ı ilə əlaqələndirməyə çalışırlar. Həmçinin bu optimizasiyanın bütün əhali qruplarını əhatə edərək hansı resurslar hesabına həyata keçiriləcəyi də bəlli deyil.

Görünən odur ki, iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, digər bazarlarda rəqabət etmək, xarici investorlar üçün daha münbit şərait yaratmaq və vahid ticarət platformasına keçid eləmək üçün hələ də önəmli addımlar atılmır.

"Bütün bu prosesləri biz hələki sadəcə, müşhahidçi kimi izləməklə məşğuluq” - desək, daha doğru olar. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı 24 illik marafonun necə yekunlaşacağı ilə bağlı isə hələ heç heç bir qəti fikir formalaşmayıb.