Azərbaycanın yeni ombudsmanı kim olacaq?

Azərbaycanın yeni ombudsmanı kim olacaq?

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanovanın hazırda vəzifəsini icra etdiyi barədə dünən Report-a açıqlama verib. Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb. Ombudsman Aparatının bu açıqlaması yayılan həmin xəbərə cavab olaraq verilib.

Onu da bildirək ki, təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir. 

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o,  öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir.

Yayılan xəbərlərə görə, Azərbaycanın ikinci ombudsmanı olmaq üçün çalışanlar var. Daha çox adı çəkilən Milli Məclisin deputatı Elmira Axundovadır. Ancaq onun adaşının yerini tutmaq şansının aşağı olduğu bildirilir. Qeyd edilir ki, hakimiyyətin yuxarı qatlarında xanım deputata münasibət onun ombudsman kimi mühüm posta yüksəldiləcəyi qədər yüksək deyil.  Məlumatda deyilir ki, böyük ehtimalla, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Milli Məclisin sədr müavini Bahar Muradova olacaq.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat”a bildirib ki, ombudsman vəzifəsində elə insan olmalıdır hökumətə sözünü deyə bilsin. İnsan hüquqları üzrə müvəkkil məmurlardan, hakimlərdən, heç nədən çəkinməməlidir: "Müstəqil mövqeyi olan, eyni zamanda, sözünü deyə bilən, hökumət qarşısında gözü kölgəli olmayan adam olmalıdır. Elə bir insan olmalıdır ki, heç bir rüşvətə, korrupsiyaya, qanunsuz əməllərə bulaşmış olmasın. Məhkəmələrdə o qədər biabırçılıqlar olur ki, ombudsman vəzifəsində olan şəxs buna qarşı ciddi mübarizə aparmağı bacarmalıdır. Ombudsman haqsızılıqla üzləşmiş vətəndaşların yanında durmalıdır. Həmin vəzifədə olan şəxs həm cəmiyyət tərəfindən, həm də hökumət tərəfindən qəbul edilən insan olmalıdır”.
 
Hüquq müdafiəçisi hesab edir ki, ombudsmanın hüquqşünas olması mütləq deyil: "Hüquqşünas olsa pis olmaz. Amma əsas odur ki, yuxarıda dediyim kriteriyalara cavab versin. İnsan hüquqları haqda bilgilərinin olması lazımdır, ancaq şərt deyil ki, mütləq ixtisasca hüquqşünas olsun. O qədər hüquqşünaslar var ki, insan hüquqlarını saya salmırlar. Hakimlər hüquqşünasdır, məgər hamısı insanların hüquqlarına hörmətlə yanaşır? Əsas odur ki, qanunlara, insan haqlarına yüksək səviyyədə hörmət qoyulsun, hüququn aliliyi hər şeydən üstün tutulsun”.

N.Cəfəroğlu onu da bildirib ki, ombudsman vəzifəsində olan şəxsin gənc və ya yaşlı olması da xüsusi önəm daşımır: "Son zamanlar gənc kadrların önə çəkilməsi çox yaxşıdır. Amma şərt deyil ki, insan hüquqları üzrə müvəkkil gənc olmalıdır. Mən demirəm ki, mütləq mənim kimi yaşı 70- keçmiş adamlar ombudsman olsun. Bu məsələdə yaş faktoru yox, cəmiyyətdə qəbul olunmaq, sözünü deməyi bacarmaq, müstəqil mövqe ortaya qoymaq, gözü kölgəli olmamaq kimi kriteriayalar əsas götürülsə bu, həm dövlətimiz, həm xalqımız üçün daha uğurlu olar”.

Tahir Kərimli: "Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”

Ali Məhkəmənin keçmiş sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli isə bildirib ki, insan hüquqları üzrə müvəkkil konstitusion statusa malik olduğu və heç bir orqan qarşısında hesabatlı olmadığı, müstəqil olduğu üçün çox mühüm postdur: "Doğrudur, özünün fəaliyyəti ilə bağlı ombudsman prezidentə, Milli Məclisə məlumatlar verir, ancaq bu məlumatlar hesabat deyil. Bu təsisat tam müstəqildir. Əlbəttə ki, ombudsmanın hüquqşünas olması işin xeyrinə olardı, çünki daha çox hüquqi məsələlərlə məşğul olur. Ancaq hüquqşünas olması hökm deyil. Konstitusiya qanununda yazılmır ki, insan haqları üzrə müvəkkil mütləq hüquqşünas olmalıdır”.

Deputat qeyd edib ki, yeni ombudsmanın seçilməsi məsələsini keçən il və bu il Milli Məclisdə qaldırıb: "Çox təəssüf edirəm ki, mən bu məsələni qaldıranda bəziləri məndən inciyir. Elə bilirlər ki, mən şəxsi nöqteyi-nəzərdən kimisə bəyənmirəm, istəmirəm, ona görə yeni ombudsmanın fəaliyyətə başlaması məsələsinin vacibliyini qaldırıram. Şəxsən mənim Elmira Süleymanovaya böyük hörmətim var. Kübar qadındır, nəvazişkardır, doğrudan da bir sıra işlər görüb. Yəni ondan heç bir şəxsi narazılığım yoxdur. Sadəcə olaraq söhbət xeyli müddətdir ki, onun iki ildən artdırdır ombudsman vəzifəsini müvəqqəti icra etməsindən gedir. Şübhəsiz ki, cənab prezidentin səlahiyyətindədir ki, ombudsman vəzifəsinə namizədlər versin və onlardan biri Milli Məclisdə təsdiq olunsun. Mən bu yaxınlarda Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bu məsələni qaldırdım. Yeni ombudsman olmalıdır. Bu institutun daha operativ işləməsi daha yaxşı olardı. Qanuna görə, yeni ombudsman təyin olunanadək köhnəsi öz səlahiyyətlərini davam etdirir. Amma hər halda iki il müddət keçməyi çoxdur. Düşünürəm ki, cənab prezident tərəfindən bu istiqamətdə gərəkən addım atılacaq. Deyə bilmərəm yeni ombudsman gənc, ya da yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitusion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”.
XƏBƏRLƏR
BLOGLAR