Türkiyə daha bir tarixi filmlə rekorda imza atmağa hazırlaşır. Çəkilişləri təxminən 2 ildir davam edən və "Angel Yapım” şirkətinin istehsalı olan ekran işi "Dəlilər” adlanır.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, filmin rejissoru Osman Qayadır. "Dəlilər”də Türkiyənin məşhur aktyor və aktirasaları - Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.
Maraqlı məqam ondan ibarətdir ki, "Game of Thrones” ve "Vikings” kimi keyfiyyətli olacağına zəmanət verilən filmdə azərbaycanlı aktyor da rol alıb. Hələlik adı gizli saxlanılan aktyorumuz filmdə dəlilərdən birini canlandıracaq. Onun ifa etdiyi obrazın adı "Mübariz”dir. "Mübariz” Azərbaycandan gələrək türk dəlilərinə qoşulur və düşmənlərə qalib gəlir.
Film Sultan Mehmet Fateh tərəfindən III Vlad Tepeşin sarayına göndərilən cəsur Osmanlı süvarilərinin vəzifə boyunca yaşadıqlarından bəhs edir.
Son vaxtların ən yüksək büdcəli filmlərindən olan və çəkilişləri davam edən "Dəlilər”in nümayiş tarixi hələ açıqlanmayıb.
"Angel Yapım” şirkətinin prodüserlərindən və filmin baş rol ifaçılarından olan Cem Uçan jurnalistlərə açıqlamasında 8 ildir, bu layihə üzərində işlədiyini deyib: "Çox çətin bir iş görürük. 7 həftədir Ağsaraydayıq, son 1 həftəmiz alıb. Görüntü baxımından bir şou və müdhiş bir hekayə izlətdirməyə iddialıyıq. "Game of Thrones”, "Vikings” kimi filmləri onlardan daha yaxşı çəkə bilərik. Çəkilişlərdə çox təhlükəli anlar da yaşadıq, amma əziyyətimizə dəyəcək. Tamaşaçı izləyəndə bunu görəcək”.
Cem Uçan əlavə edib ki, filmdəki kostyumların parçaları "Game of Thrones” filmindəki kostyumların parçaları ilə eyni yerdə istehsal olunub: "Çəkilişlərimizi də adını çəkdiyimiz filmlərin təchizat və texnologiyaları ilə həyata keçiririk. Türkiyədə çox da istifadə olunmayan "cooke lens” ilə çəkiliş edirik. Rəng isə tamaşaçının öyrəncəli olmadığı rəng olacaq. Film Türkiyə ilə eyni vaxtda bütün Avropada nümayiş olunacaq. Film "Ən yaxşı görüntü rejissoru” və "Ən yaxşı rejissor” mükafatlarını almalıdır. Çünki həqiqətən möhtəşəm görüntülərimiz var”.
Alaca xarakterini canlandıran məşhur aktrisa Nur Fettahoğlu çəkilişlərin möhtəşəmliyindən danışıb və filmin heyətinin həyəcanlı olduğunu dilə gətirib: "Kostyumlara kimi hər şeyə çox diqqət və həssaslıq nümayiş olundu. Çox ciddi əmək sərf olunub”.
Roza rolunun ifaçısı Demet Tuncer isə filmin "Oscar”a layiq olduğunu qeyd edib: "Hekəyə çox gözəldir. Oxudum və heyran oldum. Həqiqətən qürur duyuram. "Game of Thrones” və "Vikings” dadında bir filmdir. O rənglər, o vəhşilik və təbiiliyi göstərən bir şey gördüm "Dəlilər”də. Kaş ki, "Oscar”a namizəd olaq. Çünki həqiqətən haqqımızdır”.
Şərhlər