Rauf Cabbarov: "Hakim səhvini futbolun bir hissəsi kimi qəbul etmək lazımdır”Ardıcıl neçənci mövsümdü ki, ölkə çempionatınının "yükü” əsasən gənc hakimlərin çiyninə düşür. Nəsildəyişmə prosesinin ilk "qaranquşları” Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabbarov "üçlüyü” idi. Sonradan onların sırasına Orxan Məmmədovla Ömər Paşayev də qoşuldu. Carı mövsümün ilk turlarında Rauf bir neçə dəfə iş başında olsa da, sonradan təhsili ilə bağlı karyerasına fasilə verib, İngiltərəyə yollandı. Bu günlərdə sosial şəbəkələrin bizə yaratdığı imkandan faydalanıb qürbətdəki həmyerlimizlə söhbətləşdik. Bir də baxdıq ki, oxucularımız üçün də maraqlı olacaq müsahibə alınıb. Müsahibəni sona qədər oxusaz buna əmin olacaqsız.
- Rauf, əvvəlcə İngiltərədəki təhsilin barədə soruşaq. İngiltərənin hansı universitetində oxuyursan? Təhsil müddəti nə qədər müddətə nəzərdə tutulub?- Hazırda İngiltərənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Mançester Universitetində, inkişaf siyasəti və menecment fakültəsində magistr pilləsi üzrə təhsil alıram. Bu universitet nüfuzuna görə İngiltərədə ilk beşliyə daxildi. Öz peşəmə və işimə uyğun olaraq, informasiya texnologiyaları üzrə menecment və informasiya sistemləri ixtisasını seçmişəm. İngiltərədə magistratura əsasən bir il müddətini əhatə edir. Bu səbəbdən mən də bir illik burdayam.
- Futbolun vətəni sayılan İngiltərədə Azərbaycan futboluna baxmağa vaxtın, ən əsası həvəsin olur?- Çalışıram ki, bütün nəticələrdən xəbər tutum. Sözün açığı, vaxt məsələsi əsas problemdi, üstəlik burda ölkə telekanallarından heç birisi yayımlanmır. Beş saatlıq vaxt fərqini də bura əlavə etsək, ölkə çempionatının oyunlarını izləmək mümkün olmur. Bununla belə yığma komandamızın və Qarabağın avrokubokdakı oyunlarını internet üzərindən izləmişəm. Sosial şəbəkələr və idman saytları vasitəsiylə ölkə futbolumuzda nəyin baş verdiyindən daim xəbərdaram.
- Bəs Mançestrdə baş tutan oyunları canlı izləmək üçün stadiona gedirsən? İzləyirsənsə, ordakı hakimliklə bağlı təəssuratların necədi?- Bir neçə dəfə oyunlara getmişəm. Heç kimə sirr deyil ki, Mançester böyük futbol şəhəridir və burda dünya səviyyəli iki nəhəng futbol klubu var. Futbola bağlı insan olduğum üçün həm "Mançester Siti”nin, həm də "Mançester Yunayted”in oyunlarında olmuşam. İlkin təəsüratım da formalaşıb. İngiltərədə avrokuboklar və yerli çempionatın oyunları müxtəlif atmosferdə baş tutur. "Mançestr Siti”nin "Roma”yla Çempionlar Liqasında oynadığı oyuna və "Mançester Yunayted”in premyer-liqada "Everton”la qarşılaşmasına baxandan sonra bu qərara gəlmişəm ki, ingilis azarkeş üçün daxili çempionatdakı mübarizə birinci yerdə durur. Hakimliyə gəlincə isə, dünyanın ən güclü futbol ölkəsinin hakimliyi də bu futbola uyğun olmalıdır və bu sözün əsl mənasında belədi. Bəlkə də burdakı hakimlik məktəbi qismən İtaliya hakimliyindən geri qala bilər.
- Maraqlıdı, Mançestrdə hakim kimi özünü sınamısan?- Hələlik hakimlik etməmişəm, amma yaxın vaxtlarda hakimliyə başlayacağıma inamım var. AFFA tərəfindən İngiltərə Futbol Federasiyasına ünvanlanan məktuba əsasən mən burda təhsil aldığım müddətdə hakimlik etmək üçün qeydiyyata alınmışam. Bu məqsədlə artıq bir neçə dəfə Mançesterdə yerli futbol federasiyasında olmuşam. Hakim kimi qeydiyyata alınmaq prosedurumun rəsmən bitdikdən sonra rəsmi qeydiyyat iclasında və seminarında iştirak etməliyəm. Həmin seminar gələn həftəyə təyin edilib. Mənim burdakı hakimlik fəaliyyətim birbaşa İngiltərə Futbol Federasiyasının hakimlər komitəsinin sədri Devid Elereyin nəzarəti altındadır və onun tapşırığına əsasən yaxın vaxtlarda Mançester vilayətinin yüksək liqasında hakimlik edəcəyəm. Hər şey uğurlu olsa, sonradan daha yüksək liqalara təyinat almağım mümkündür.
- Belədisə, idman formanı qorumaq üçün nə edirsən?- Mançester Universitetində idman formanı saxlamaq üçün xüsusi nəsə etməyə ehtiyac yoxdur, çünki universitet idmana çox böyük diqqət verir. Təsəvvür edin ki, universitetin idman infrastrukturu bəlkə dünya səviyyəli klublarda belə yoxdur. Üzgüçülük kompleksi, iki qapalı idman kompleksi və sayı ona yaxın olan təbii örtüklü, bütün standartlara cavab verən futbol meydanları tələbələrin ixtayarına verilib. Bununla belə ayrıca idman dərsləri keçirilmir. Həftənin müxtəlif günlərində, müxtəlif saatlarda müxtəlif idman növləri üzrə peşəkar təlimatçıların iştirakı ilə məşqlərdə iştirak edə bilərsən. Bir idmançı kimi bu imkanlardan maksimum istifadə edirəm. Üzgüçülük, tennis, mini futbol və skvoş kimi ekzotik idman növləri üzrə keçirilən məşqlərin daimi iştirakçısıyam. Əlbəttə, bu peşəkar səviyyədə idman formanı saxlamağa kifayət etmir, bu səbəbdən əlavə məşqlər də edirəm.
- Deməli, Bakıya qayıdanda sonra hakimliyə davam edəcəksən?- Mən hakimlikdən ayrılmamışam və təsadüfi deyil ki, bu il yüksək liqaya təsdiq edilən hakimlərdən biriyəm. Bura gəlməmişdən öncə də bu mövsümün bir neçə oyununda hakimlik etmişəm. Səmimi deyim, hakimlik nə qədər çətin iş olsa da, yaşıl meydanlara çıxmaq üçün darıxmışam. İndi səbirsizliklə İngiltərədə hakimlik edəcəyəm ilk oyunu gözləyirəm.
- Bəzi ölkələrdə hakimlərin başqa işlə məşğul olmasına icazə verilmir. Azərbaycanda da hakimlərin peşəkar olmasına qərar verilsə, seçimin necə olar?- Mənim üçün bu çox çətin sualdır və ümid edirəm ki, bu seçim ilə heç vaxt üz-üzə qalmayacağam. Bildiyiniz kimi hakimlikdən savayı ixtisasıma uyğun olaraq, Rabitə Nazirliyində də çalışıram. Mənim üçün hər iki işim vacibdir və onların hər hansı birindən imtina etmək çətin qərar olar. Amma bəzən həyat özü bizim yerimizə qərar verir və belə olan halda bu qərarın düzgün olmasına ümid etməkdən başqa çarəmiz qalmır. Bir məsələni əlavə etmək istəyirəm, peşəkar hakimlik mütləq bir iş ilə məşğul olmaq anlamına gəlməməlidir. Elə götürək İngiltərənin özünü, burda peşəkar hakimlər digər peşələrinə uyğun çalışırlar və bu onların peşəkar hakimliyinə təsir etmir.
- Ümumiyyətlə, bir müddət futboldan, qalmaqallardan uzaq qalandan sonra psixoloji rahatlıq tapıb, hakimlikdən imtina ilə bağlı fikrə düşməmisən ki?- İstənilən hakimdən soruşsaz, əminəm ki, onların hər birinin cavabı eyni olacaq. Hakimlikdən sakit məqamlarda deyil, futbolda üzləşdiyin çətin məqamlarda getmək istəyirsən. Mən belə çətin məqamlarla bir neçə dəfə karyeramda üzləşmişəm, hər halda gördüyünüz kimi çətinlik məni bu sahədən uzaqlaşdırmayıb və indiyə qədər burdayam. İnanmıram ki, indiki psixoloji rahatlıq məni buna vadar etsin.
- İngiltərədə bizim futbolla bağlı təsəvvürlər necədi? Ətrafdakı insanlarla Azərbaycan futboluyla bağlı söhbətiniz olub?- Təsəvvürləri çox zəifdir. Əlbəttə, futbol azarkeşləri yığmalar səviyyəsində keçirilən oyunlardan bizim ölkənin adını tanıyırlar, amma hər hansı dərin bilikləri yoxdur. Hətta məşhur həmyerlimiz Tofiq Bəhrəmovun azərbaycanlı olduğunu bilmirlər. Ünsiyyətdə olduğumuz insanlara çalışıram ölkəmiz haqqında müəyyən biliklər verim. Ümumiyyətlə, mən xarici ölkələrdə olanda həmişə bir məqamı dərk edirəm ki, bizim təhsil sistemimizdə coğrafiya fənninə böyük diqqət verilib. Ən azından bizim xalqımız dünyanın ən geridəqalmış ölkəsinin harda yerləşdiyini bilir. Burda ən nüfuzlu fakültədə oxuyanlar belə bəzən heç Avropa ölkələrini tanımırlar.
- Bizdə mövsüm yenicə başlıyıb, amma hakimliklə bağlı söz söhbətlər kifayət qədərdi. Səncə, bundan qurtulmağın yolu nədir?- Hakimlik haqqında həmişə söz-söhbət olacaq. Mən bunu normal qəbul edirəm. Hamını razı salmaq mümkün deyil. İstənilən halda həmişə kimsə narazı qalır və əksər hallarda bu narazılığın səbəbini hakimlikdə axtarır. Bu suala bütün dünya cavab axtarır və gördüyünüz kimi hələ cavab tapa bilməyiblər. Bu bir növ ekologiya probleminə oxşayır, hamı bizim ekologiyamızın problemlərindən danışır, amma çıxış yolunu heç kim göstərmir. Əslində, mənim yanaşmam belədir ki, hakim səhvini futbolun bir hissəsi kimi qəbul etmək lazımdır. Məncə elə futbolun gözəlliyi bundadır. Bununla belə hakim səhvindən uduzan komandalara bunu heç vaxt başa sala bilməzsən. Buna görə bu cavabı olmayan sual olduğu üçün sual işarəsindən sonra bir nida işarəsi də qoyulsa, ədəbi baxımdan daha düzgün olar.
- Hər tur hakim təyinatları açıqlananda qeyri-ixtiyari öz adını axtarmırsan ki? - Bəzən axtarıram və həqiqətən hakimliklik etmək üçün darıxıram. Əminəm bu kimin üçünsə qəribə səslənir, amma futbolçu futbol oynamadıqda darıxdığı kimi, hakim də hakimlik etmədikdə özünə yer tapa bilmir. Ümid edirəm ki, yaxın zamanda burda hakimlik etməyə başlayacağam və öz idarəçiliyimlə Azərbaycan futbolu adına, kiçik olsa belə töhvə verəcəyəm.
Sport7.Az
Şərhlər