Həmyerlimiz, idman jurnalisti Elnur Əşrəfoğlu daha bir uğur qazanıb.
Sport7.az xəbər verir ki, Əşrəfoğlunun heyətində çıxış etdiyi Moldova komandası Şərqi Avropa və balkan ölkələrinin çempionatının qalibi olub. Çempionatın Macarıstanın Şiofok şəhərində keçirilib.
Moldovanın idman jurnalistlərindən ibarət komandanın heyətində Elnur Əşrəfoğlu da meydana çıxıb. Ötən ay bu komanda Litvanın Druskininkay şəhərində keçirilən jurnalistlər arasında futbol üzrə Dünya Media Kuboku turnirinin də ən güclüsü olmuşdu.
Bu dəfəki yarışda Moldova və Macarıstanla yanaşı Bosniya və Hersoqovina, Makedoniya, Bolqarıstan, Xorvatiya, Montoneqro, Rumıniya mübarizə aparıb. Elnur Əşrəfoğlunun forma geyindiyi Moldova komandası Xorvatiyanı 1:0, Rumıniyanı 3:0 məğlub edib, Çernoqoriyaya isə 1:4 hesabıyla uduzub. 6 xal toplayan Moldova komandası qrup liderliyini də təmin edib.
Yarımfinalda meydan sahibi Macarıstanı 6:1 hesabıyla məğlub edən Əşrəfoğlu və komanda yoldaşları finalda bolqarlardan üstün olublar - 3:2. Moldova komandasının qapıçısı Vladimir Horoşilov turnirin ən yaxşılarından biri seçilib. Qalib komandaya Moldovanın milli lotoreyiyası və "Apriori wine” tərəfindən xatirə hədiyyələri, suvenirlər təqdim olunub.
Qeyd edək ki, futbol turniriylə yanaşı Cənub Şərqi Avropa ölkələrinin İdman Jurnalistləri Assosiasiyasının (SEESJA) 8-ci konqresi və seminarı da keçirilib. İlk dəfə olaraq həmin toplantıda Azərbaycan da Elnur Əşrəfoğlunun timsalında təmsil olunub. Konqresdə Macarıstan baş nazirinin müavini, idman naziri, jurnalistlər birliyinin sədri və SEESJA-nın prezidenti də iştirak edib.
2020-ci ildə fevral ayında AİPS-in konqresi Budapeştdə, növbəti futbol turniri isə Montenerqonun Budva şəhərində olacaq.
Şərhlər