Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbində "İdeyadan biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, onun təqdim etdiyi yeni smartfon layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.
Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.
2004-cü ildə Bakıda anadan olan Riyad mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub. Boş vaxtlarında layihələr hazırlamağa başlayan Riyad ideyalarını inkişaf etdirərək gələcəkdə öz biznesini qurmaq istəyir.
Şərhlər