Rusiyanın “LUKoil” neft şirkəti xaricdən təxminən 1 milyard dollar həcmində kredit almaq planlarından imtina etməyə məcbur olub. Səbəb Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardır.
Virtualaz.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə “LUKoil” ətrafında yaranmış vəziyyətə yaxından bələd olan işgüzar dairələrdən bildiriblər.
Mənbə deyib ki, Rusiya neft nəhənginin Qərb banklarından kredit cəlb etməyə göstərdiyi ilk cəhd uğursuzluqla nəticələndiyindən şirkətin prezidenti Vahid Ələkbərov növbəti iri investisiya layihələrini təxirə salmağa məcbur olub.
“Bloomberg” bu məlumatı agentliyə verən mənbələrinin adını açıqlamayıb. Agentlik bunu həmin qaynaqların rəsmi informasiyanı açıqlamaq səlahiyyətinə malik olmaması ilə izah edib.
Bundan əvvəl isə “Reuters” agentliyi “LUKoil” şirkətinin beynəlxalq dollar bazarından iri həcmdə kredit cəlb etməyi planlaşdırdığını bildirmişdi. Bu, Rusiya neft nəhənginin sanksiyaların tətbiqindən sonra Qərbdən kredit almağa göstərdiyi ilk cəhd idi. Bankların birindəki mənbə oktyabrın əvvəllərində belə bir məlumat vermişdi ki, sövdələşmə hələ ilkin mərhələdədir və yalnız ilkin müzakirələr gedir. Amma bu müzakirələr yarımçıq və nəticəsiz qaldı.
Yada salaq ki, “LUKoil” Rusiyanın sanksiyalara məruz qalmış yeganə özəl şirkətidir. Azərbaycanlı maqnat Vahid Ələkbərovun sahibi olduğu bu şirkətə geoloji kəşfiyyat və dənizdə neft hasilatı üçün gərək olan Qərb texnologiyalarını almaq qadağası da qoyulub.
Qaynar.info
Şərhlər