Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan "Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb.
Qaynarinfo "Cümhuriyət” qəzetinə istinadən xəbər verir ki, Baş Prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.
Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, "Lukoyl” prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan "Arxangelsk geoloji hasilat” ("Arxanqelskgeoldobıça”) şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırayıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda, bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları - Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.
Məlumata görə Baş prokurorluq bu işlə bağlı təhqiqatı Mərkəzi Bankla birlikdə aparır. Xəbər verildiyi kimi "Otkrıtie” bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun "Lukoyl” şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq.
Rusiyada post-Yeltsin dönəmi və oliqarxlar
Mərhum prezident Boris Yeltsin SSRİ-dən dağıntılarla çıxmış Rusiya iqtisadiyyatındakı böhranı aradan qaldırmaqda çətinlik çəkirdi. Sovet rejiminin ruslar üçün tanıdığı bir sıra imtiyazların ləğv edilməsi iqtisadiyyatı çöküşə sürüklədi. Çətin vəziyyət qarşısında dalana dirənmiş Yeltsinin daxildəki nüfuzu da yüksək deyildi. Digər yandan, içki məclislərinə böyük pullar xərcləməsi və bütün işləri ABŞ və Avropanın siyasi dairələri ilə geniş əlaqələri olan oliqarxlara həvalə etməsi də Rusiyanı uçuruma aparırdı.
Yeltsindən hakimiyyəti təhvil alan Vladimir Putinin masaya qoyduğu ilk məsələ də Rusiyanın əsas probleminə çevrilmiş "Oliqarx problemi” idi. Putin hakimiyyətə gələndə 1980-ci illərdən qalmış "mərkəziyyətçi iqtisadiyyat” anlayışı ittifaqın dağılmasından sonra açıq bazar iqtisadiyyatına keçən Rusiyada qarışıqlıq yaratmışdı. SSRİ-dən qalan bütün dövlət əmlakları oliqarxlar öz aralarında bölüşdürüb, özəlləşdirmə adı altında ələ keçirmişdilər. Oliqarxlar siyasi sistem daxilində korrupsiya hallarını genişləndirdikcə, rus cəmiyyəti sürətlə yoxsullaşırdı. Yeltsinin yaratdığı gizli anarxiyanın dağıntıları altında əzilən cəmiyyət oliqarxların başları üstündə "Domokl qılıncı” qaldıran Putini asanlıqla və tezliklə mənimsədi. Çünki Boris Yeltsindən fərqli olaraq yeni prezidentin ritorikası sərt və dinamik idi.
Rusiyanın mütləq gücü
2024-cü ilədək hakimiyyətini qorumağı qarşısına məqsəd qoymuş Vladimir Putinin hədələyici barmaqları daha sərt formada silkələndikcə, bu əmrlərə tabe olmayan nüfuzlu oliqarxlar özlərini həbsxanalarda görməyə başladılar. Putinin sıx təqibləri altında olan oliqarxlar mərkəzdənqaçma meyilində olduqca, Kreml başçısı onları bir araya toplayıb son xəbərdarlığını etmək qərarı verdi. Məşhur "Oliqarx toplantısı”nda "İndiyədək mənimsədikləriniz sizin olsun, bundan sonra mənə tabe olacaqsınız və siyasətdən kənarda qalacaqsınız və investisiyalarınız qorunacaq”, xəbərdarlığını etdi. Lakin oliqarxlar Putinin qurduğu yeni dəst-xətti pozmağa meyilli idilər.
Həmin dönəmdə Rusiyanın enerji nəhəngi YUKOS-un 40%-i oliqarx Mixail Xodorovskiyə məxsus idi. O, ABŞ şirkətləri ilə gizli danışıqlar apararaq, YUKOS-un 25%-ni Amerikaya satmaq barədə gizli anlaşma əldə etmişdi. Xodorovskinin gizli danışıqlarından xəbər tutan Putin onu həbs etdirdi və bütün əmlakını müsadirə etdi. Əgər Xodorovski dayandırılmasaydı, ABŞ Rusiyanın enerji sektorunda söz sahibi olacaqdı. Lakin Putin planı pozdu və bundan sonra ipləri tamamilə əlinə aldı. Oliqarxlara qarşı hücumlar sərtləşdirildi. Putindən narazı olan iş adamları bir neçə dəfə ona qarşı sui-qəsd planları həyata keçirməyə cəhd etdilər, qalanları isə xarici ölkələrə qaçmağa məcbur oldular.
Ələkbərov hədəfdə
Beləliklə, Mixail Xodorovskinin həbsi ilə Putin Yeltsin dönəmində bütün iqtisadiyyatı ələ keçirmiş oliqarxları özünə təslim olmalarını bacardı. Halbuki bura qədər bu rus oliqarxiyası rahat şəkildə istədikləri yerə "at” çapırdı. Putin isə ölkədə nə özünə tabe olmayan oliqarx, nə də müxalifət qoydu. Putin hər seçki ilində baş ağrısına çevrilən bütün alternativlərini tabe etdi, yaxud aradan qaldırdı. Siyasi sistem kənarında qalan oliqarxlar isə Putinin əmrindən kənara çıxa bilmirlər və hər seçki ilində onun apardığı kampaniyanın əsas təşkilatçıları da onlardır. Lakin indiki məqamda Rusiyada ağırlaşan vəziyyət gələn il keçiriləcək prezident seçkilərinə hazırlaşan Putin üçün baş ağrısına çevrilə bilər. O, oliqarxların nəzarətdən çıxmasından və özünə qarşı təxribatlara əl ata biləcəklərini əsas götürərək, yenidən oliqarxlara qarşı hücumlarını kəskinləşdirib. Başqa sözlə, Putinin oliqarxlara qarşı açdığı növbəti savaşı onun seçkilərə hazırlığı kimi qiymətləndirmək olar. Ehtimal etmək olar ki, Putin qələbəsini elan edənədək oliqarxlardan gələ biləcək təhlükədən sığortalanmaq üçün onları qorxu altında saxlayacaq. Bir sıra oliqarxların Xodorovski kimi cəzalandırılacağı da gözləniləndir. Siyahıda azərbaycanlı iş adamı Vahid Ələkbərovun da adı var.
Şərhlər