Foto 20:25 02.05.2019

Azərbaycanlı tələbələrin nikah mərasimi səfirlikdə keçirildi (FOTO)

Azərbaycanın Macarıstandakı səfirliyində tələbə cütlüyün nikah mərasimi keçirilib.

Səfirlikdən Report-a verilən məlumata görə, Budapeşt Biznes Universitetinin tələbələri - Rüstəm Aslanlı və Xavər Ələkbərliyə səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib.

Səfir Vilayət Quliyev gənc cütlüyü təbrik edib və onlara səadət və xoşbəxtlik arzulayıb. O, ailə duyğusunun onlarda məsuliyyət hissini artıracağına da ümidvar olduğunu, təhsili uğurla başa vurub ölkəmizə bacarıqlı mütəxəssislər kimi qayıdacaqlarına inandığını bildirib.


Səfirliyin hər bir azərbaycanlının evi olduğunu vurğulayan səfir gənclərin istər təhsil, istərsə də şəxsi həyatlarındakı bütün uğurlara sevindiyini və diplomatik missiyamızın daim hər bir vətəndaşımızın yanında olduğunu xüsusi diqqətə çatdırıb.

Qeyd edək ki, Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə yaxındır.