Xəbər lenti

Azərbaycanlıdan analoqu olmayan ixtira (FOTO)
Texnologiya 11:49 04.04.2019

Azərbaycanlıdan analoqu olmayan ixtira (FOTO)

Qazax rayonu Kosalar kənd sakini Asif Zöhrabov maraqlı ixtiraya imza atıb. O, 10 ilə yaxındır məşğul olduğu sahədə yenilik edərək antibakterial və antiviruslu inkubator hazırlayıb. O, üzərində 4 ildir təcrübə apardığı bu inkubatorların artıq 100%-lik nəticə əldə etdiyini, bununla da yumurtadan çıxan cücələrin 4-5 aylığına kimi iynə-dərmanla böyüməsinin, xəstəliklərə davamsız olmasının qarşısınının alınacağını söyləyib.

"Neçə illərdi bir fikir üzərində işləyirdim ki, iynəsiz, dərdsiz, dərmansız cücələr yetişdirim. Çox araşdırmadan sonra ultrabənövşəyi işıqların köməyi ilə belə antibakterial inkubator yaratmaq qərarına gəldim. Artıq 4 ildir bu cür inkubatoru sınaqdan çıxarıram və demək olar ki, tam təkmilləşmiş halına gətirə, dərdsiz, dərmansız cücələr yetişdirməyə nail olmuşam" - deyərək Qazax sakini məlumat verib.



İxtiraçı inkubatorun iş rejimi haqqında da danışıb. Dediyinə görə, hər 12 saatdan bir ultrabənövşəyi işıqlar avtomatik olaraq işə düşür, 1 dəqiqə müddətində inkubatorun daxilində təmizlik apararaq yenidən sönür. Bundan başqa, inkubatorun daxilinə havalanma nəticəsində virus keçdiyi zaman da qurğu avtomatik işə düşür.

"Yumurta qabığı ilə nəfəs alır. Buna görə daim içinin havası dəyişdirilir. Bu zaman havayla hər hansı bir mikrob inkubatorun daxilinə düşdükdə antibakterial qurğu o virusu hiss edir və özü özünü işə salaraq onu məhv etməyə başlayır. Buna görə də bu inkubatorlar yumurtadan tam sağlam cücələr çıxmasını təmin edir" – Zöhrabov deyib.



Onun sözlərinə görə, hazırladığı qurğunu artıq 4 ildir 350 yumurta tutumu olan kiçik inkubatorlarda sınaqdan keçirir. Mart ayının 3-cü ongünlüyündə isə bütün funksiyalarının daxili beyin vasitəsilə idarə olunacağı 5200 yumurtalıq inkubator da işə salmağa hazırlaşır.

İxtiraçı bu inkubatoru ərsəyə gətirdiyi müddətdə daim internet, sosial şəbəkələr üzərindən dünyanın hər yerində hazırlanan inkubatorlarla maraqlandığını deyib. Vurğulayıb ki, antibakterial və antivurus axtarışı olan və iynə-dərmansız cücə yetişdirən inkubatorlara heç yerdə rast gəlməyib. O, bu səbəbdən ixtirasını patentləşdirmək fikrindədir.

Mənbə: Sputnik Azərbaycan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->