20 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən "Azercell" mobil operatoru ("Azercell Telekom”) 2017-ci ili zərərlə başa vurub.
5 milyona yaxın abunəçisi olduğu bildirilən, demək olar ki, havadan pul qazanan şirkətin ilk dəfə zərər etdiyini açıqlaması təəccüb doğurur.
Maraqlıdır ki, 2016-cı ildə də şirkət əsas mənfəətini (44 milyon) devalvasiyadan - valyuta məzənnələrinin dəyişməsindən əldə etmişdi.
Görəsən problem son 2 ildə şirkətə rəhbərlik edən Vahid Mürsəliyevdə, yoxsa şişirdilən xərclərdədir? Necə deyərlər, rəsmi mənfəəət nə qədər azdırsa mənfəət vergisi də bir o qədər az ödənilir.
Həm də şirkətin budəfəki hesabatı saytına məhz ingilis dilində yerləşdirməsi də sanki nəyisə pərdələmək, gizlətmək istəyindən xəbər verir.
Son iki ilin müqayisəsi
2016-ci ili 81 milyon 425 min manat xalis mənfəətlə başa vurmuş "Azercell Telekom” MMC 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.
"Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri ilə bərabər xərcləri də artıb.
Belə ki, şirkətin cəmi gəlirləri 2016-cı ildəki 392 milyon 880 min manatdan 2017-də 411 milyon 441 min manata, xərcləri isə 304 milyon 387 min manatdan 397 milyon 151 min manata yüksəlib. Xərclər çıxıldıqdan sonra Azercell-in 14 milyon 290 min manat əməliyyat mənfəəti qalıb. Lakin valyutaların məzənnələrinin dəyişməsi nəticəsində şirkət 13 milyon 41 min manat zərər etdiyindən mənfəəti 2 milyon 805 min manata düşüb. 22 milyon 162 min manat mənfəət vergisi xərcinə görə, "Azercell Telekom” ötən ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.
2016-cı ildə Azercell valyuta məzənnələrinin dəyişməsi nəticəsində 44 milyon manat gəlir əldə etmişdi.
2016-cı illə müqayisədə 2017-də şirkətin gəlirləri 18,6 milyon manat və ya 4,7% artsa da, xərcləri 92,8 milyon manat və ya 30,5% artıb.
Azercell 2016-cı ildə dövlət büdcəsinə 53 milyon 301 min manat mənfəət vegisi ödəmişdi. 2017-də bu ödəmə təxminən 2,4 dəfə azalıb.
31 Dekabr 2017-ci il tarixində "Azercell Telekom” 916 milyon 352 min manat cəmi aktivlərə, 87 milyon 614 min manat cəmi öhdəliklərə və 828 milyon 738 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2016-cı il tarixində "Azercell Telekom” 921 milyon 619 min manat cəmi aktivlərə, 73 milyon 524 min manat cəmi öhdəliklərə və 848 milyon 95 min manat cəmi kapitala malik idi.
Ötən illərdə dolların bahalaşması ilə idxal olunan avadanlıqların Manat ilə ifadədə alış xərclərinin artması, şirkətin bağlanmış banklarda 103 milyon manat dondurulmuş vəsaitlərinin mövcud olması və öncədən büdcəyə ödənilmiş vergi şirkətin zərərinin yaranmasının səbəbləri ola bilər.
Ekspertin açıq qalan sualları
Azərbaycan İnternet Forumunun prezidenti, tanınmış ekspert Osman Gündüz də hesabatla bağlı sosial şəbəkədə xeyli açıq suallar ünvanlayıb. Mövzumuza birbaşa aidiyyatı olduğu üçün həmin sualları da olduğu kimi təqdim edirik:
"Diqqətimi cəlb etdi ki "TeliaSonera"nın Azərbaycandan getməsi dərhal özünü göstərib. "Azercell" fəaliyyətə başladığı dövrdən sonra ilk dəfə olaraq sektora ən az yatırım edib.
Lakin ictimaiyyət üçün, ekspertlər üçün önəmli ola biləcək bir xeyli məlumatları hesabatda görə bilmədim:
1. Danışıqdan və mobil internetdən əldə olunan gəlirlər necə dəyişib və hansı həcmdədir?
2. Ay ərzində abonentin orta danışıq müddəti necə dəyişib və nə qədərdir?
3. Bir abonentdən əldə olunan gəlir (ARPU) nə qədərdir və tendensiya necədir?
4. 4G infrastrukturu genişləndiyi halda internet trafiki nə qədər artıb?
5. Azercell istifadəçilərinin istifadə etdiyi trafikin neçə faizi 4G üzərindəndir?
6. Nə üçün ən vacib detal, gəlirlər açıqlanmayıb ? Bəzi mənbələr ötən ilin ziyanla başa vurulduğunu iddia edirlər, bu nə dərəcədə doğrudur?
7. Mobil internet istifadəçilərinin istifadə etdiyi orta aylıq trafik həcmi nə qədərdir və necə dəyişir ?
8. Delta Telekom-dan aldığı cəmi 12 Gb/s sürəti 2 milyon internet müştərisi arasında hansı metodika ilə bölüşdrə bilir?
9. Mobil internetdən istifadə həcmi 50% artdığı halda Delta-dan alınan sürət nə qədər artıb ?
10. ASAN İmza xidmətidnən əldə olunan gəlir nə qədər olub və bu tariflər nəyin əsasında müəyyən olunub?
11. OTT servislərin həcmi nə qədərdir və tendensiya necə dəyişir?
12. Rouminqlə bağlı gəlirlər, Aztelekom-a ödənişlər nə qədər olub?
13. TeliaSonera-nın Azərbaycan mobil bazarından getməsindən sonra onun Azercell-dəki payının kim tərəfindən alınması haqqında nə üçün rəsmi açıqlama verilmir ? Əgər Azercell, dövlət qurumu, NRYTN tərəfindən alınırsa, Azercell-in özündə, mobil bazarda situasiya necə olacaq? və s."
Aydın Mirzə
Qaynarinfo.Az
Şərhlər