Ölkə 16:35 09.09.2019

"Azəriqaz" söz verir ki... (AÇIQLAMA)

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində qışa hazırlıq üzrə işləri başa çatdırır.

Bu barədə qurumun mətbuat katibi Ceyhun Səfərov Qaynarinfo-nun sorğusuna cavabında bildirib. 

O, deyib ki, qurum qış mövsümün hazırlıqlarına may ayından başlayıb: "Payız-qış mövsümünə hazırlıq üçün may ayından qrafik tərtib olunur. Bu qrafik əsasında xüsusi komissiya qaz xətlərinin saz vəziyyətdə olub-olmamasını yoxlayır. Ondan sonra artıq təmir işləri başlanır.

Bundan başqa qaz kəmərlərində mövsümü olaraq sazlama işləri icra olunur. Bunun vasitəsi ilə kəmərin hansı hissəsində sızma olduğu aşkar edilir. Çünki qaz kəmərləri istifadə olunduqca, yararsız vəziyyətə düşür. Ona görə istər yeraltı kəmərlərdə olsun, istərsə də yerüstü kəmərlərdə korroziyaya uğramış yerlər olur. Və o hissələrdə vaxtaşırı sızmalar qeydə alınır. Həmçinin kəmər qoşulmaları, müdaxilələri də aşkarlamaq mümkün olur. Bunu biz mövsüm ərzində etməliyik ki, qış vaxtı problemlərlə üzləşməyək".

Ceyhun Səfərov bu il ərzində hansı ərazilərdə qazlaşdırma işləri aparıldığı barədə də məlumat verib: "Dövlət  proqramı əsasında qaz xətlərinə ayrılmış vəsait hesabına respublika üzrə 23 kənd, 13 qəsəbə və 56 yaşayış massivinin qazlaşdırılma işləri aparılır. Noyabr ayına kimi bitirməyə çalışırıq ki, açılış baş tutsun. Artıq 22 məntəqə və 9 massivin açılışı baş tutub, qaz verilişi həyata keçirilib. Bakı şəhərində isə, 22 yaşayış məntəqəsinin qazlaşdırılma işinə başlanılıb". 

Röya Kərimli
Qaynarinfo