Dünyada hər saat təxminən 100 nəfər tənha olduğu üçün dünyasını dəyişir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında
bildirilir.
Sənəddə qeyd olunur ki, dünyada hər altıncı insan özünü tənha hiss edir və bu hal onların sağlamlığına ciddi təsir göstərir. Tənhalıqla bağlı problemlər hər il 871 mindən çox ölümə səbəb olur ki, bu da saatda təxminən 100 nəfər deməkdir.
ÜST mütəxəssisləri bildirirlər ki, tənhalıq və sosial təcrid insult, ürək-damar xəstəlikləri, şəkərli diabet, idrak funksiyalarının zəifləməsi və vaxtından əvvəl ölüm riskini artırır.
ÜST həmçinin vurğulayır ki, tənha insanlar iki dəfə çox depressiyaya düşür. Bundan əlavə, tənhalıq tez-tez təşviş, mənfi özünə münasibət və intihar fikirləri ilə müşayiət olunur.
Bundan başqa, tənha insanlar üçün keyfiyyətli təhsil almaq və yaxşı iş tapmaq da çətinləşir.
Qeyd olunur ki, tənhalıq ən çox yeniyetmələr və gənclər (ümumi halların dörddə birinə qədər), həmçinin aşağı gəlirli insanlar arasında yayılıb.
Mütəxəssislər tənhalığın səbəbləri sırasında pis sağlamlıq vəziyyəti, aşağı gəlir və təhsil səviyyəsi, zəif infrastruktur və qeyri-effektiv dövlət siyasəti, həmçinin rəqəmsal texnologiyaların artan təsirini göstərirlər.
2023-cü ildə ÜST tənhalığı bəşəriyyətin sağlamlığı üçün qlobal təhlükə elan edib. Təşkilat tənhalığın insan orqanizminə təsirini gündə 15 siqaret çəkməyə bərabər hesab etmişdi.
"O, nə yaş tanıyır, nə sərhəd – tənhalıq qlobal ictimai səhiyyə problemi olaraq sağlamlıq, rifah və inkişafın bütün sahələrinə təsir edir”, – o zaman ÜST bu sözləri qeyd etmişdi.
Alpər
Şərhlər