"Azəriqaz" yeni layihəyə start verir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi vətəndaşların müraciət və təkliflərinin vaxtında ünvanına çatması üçün müxtəlif layihələr həyata keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, canlı yayımlar, eləcə də "Açıq mikrofon” kimi aksiyalar vətəndaşın rahat və sərbəst şəkildə problemlərini səsləndirməsinə hesablanmış addımlardır.

Təcrübə göstərir ki, bu cür aksiyalar "Azəriqaz"ın rəhbərliyi ilə vətəndaşlar arasındakı ünsiyyəti daha da səmərəli edir, səmimi ortam yaradır. İstehsalat Birliyinin əsas məqsədi məmur əlçatanlığına maksimum nail olmaqdır. "Hər bir məmur xalqın xidmətçisidir” ifadəsi praktik olaraq dəstəklənir və bütün addımlar bu istiqamətə hesablanır.

Vətəndaşlarla əlaqənin daha da intensivləşməsi üçün "Azəriqaz" Real TV ilə birgə yeni layihəyə start verəcək. "Vətəndaşın QAZ anı” adı ilə ərsəyə gələcək veriliş hər həftənin bazar ertəsi, saat 14:30-da efirdə olacaq. İstehsalat Birliyinin səlahiyyətli şəxslərinin iştirak edəcəyi proqramda vətəndaşların sualları cavablandırılacaq, problem və təklifləri dinləniləcək.
 

XƏBƏRLƏR
BLOGLAR
X