Zahir Əzəmət
Konstitusiya Məhkəməsinə göndərilən Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsi cəmiyyət üçün sürpriz oldu.
Əslində bu layihə üzərində iş gedərkən ictimai müzakirələr açılmalı, təklif edilən dəyişikliklərin hansı zərurətdən yaranması izah edilməliydi. İndiki halda bütün bunlar baş vermədi. Güman ki, Konstitusiya Məhkəməsi layihəyə müsbət rəy verəcək, daha sonra referendumun vaxtı təyin olunacaq və ümumxalq səsverməsindən keçəcək.
Halbuki bu layihədə müzakirə edilməli məqamlar çoxdur.
Məsələn, "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər" təklifi ciddi narahatlıq doğurur. Əgər məqsəd torpaqların səmərəli istifadəsinə nail olmaqdırsa, bunun üçün ciddi cərimələr düşünmək, həmin torpaqların dövlət tərəfindən icarəyə götürülməsini təşkil etmək, istifadə olunmayan torpaqlara görə yüksək vergilər tətbiq etmək olar və s.
Məsələn, "ictimai əxlaq" anlayışının Konstitusiyaya yol tapması da haqlı suallar doğurur: İctimai əxlaq nədir, onun normaları necə və kim tərəfindən müəyyənləşdiriləcək, gələcəkdə bizdə də əxlaq polisi yaradılması üçün zəmin yaranmayacaqmı?
Məsələn, prezidentlik müddəti niyə 4 ilə endirilmir, 6 və ya 8 ilə qaldırılmır, məhz 7 il olur? Bu hansı zərurətdən yarandı?
Prezidentliyə namizədlər üçün yaş senzinin ləğv edilməsi sabah 18-20 yaşlı təcrübəsiz birinin ölkə başına gəlməsinə yol açmazmı?
Yəqin ki, başqalarında da bir çox suallar yaranmamış deyil. Amma görünən odur ki, ictimai müzakirələr açmaq daha gecdir. Prezident artıq layihəni imzalayıb və proses başlayıb. Görünür, bizə izah edilməsə də, tələsmək üçün səbəblər var və başlıca səbəblərdən biri də iqtisadi böhrandır. Artıq yetərincə zaman itirilib.
Layihədəki əsas təkliflərdən də hiss olunan budur ki, referendumdan sonra ölkədə yeni Nazirlər kabineti və Baş nazir görəcəyik. Nazirlər üçün də yaş məhdudiyyətinin götürülməsi bir çox postlara gənclərin yolunu aça bilər. Deməli, böhran tələb edir ki, daha çevik, daha enerjili, daha işlək bir hökümət qurulsun. Gec olsa da...
Məsələn son vaxtlar böhrana qarşı tədbirlərdə hiss olunan bir tendensiya özünü doğrultmamış kimi görünür. Çoxsaylı əlavə qurumlar, palatalar, komissiyalar yaradıldı, amma effekt hiss olunmadı. Əksinə, böhran dönəmində bu cür bürokratik maneələrin sayı minimuma endirilməli, struktur islahatları aparılmalı idi. Bir nazir öz postunda bu işi görmürsə, görməyi bacarmırsa, böhrana hazır deyilsə, həmin nazir və ya baş nazir üçün əlavə təşkilat və komissiyalar yaratmaq nəyi dəyişəcək ki?
Ümid edirəm ki, dəyişiklikərə səbəb məhz böhranın yaratdığı situasiyadır və referendumdan sonra biz islahat dalğasına şahid olacağıq.
Əks halda, AzTV-yə baxıb jımıx yeyəcəyik...
Nuş olsun...
Şərhlər