Xəbər lenti

Bakı bəyannaməsi Azərbaycan üçün nə deməkdir? – Politoloq
Siyasət 16:29 28.07.2021

Bakı bəyannaməsi Azərbaycan üçün nə deməkdir? – Politoloq

"Bakı bəyannaməsi digər iki dövlətin bundan sonra da Azərbaycanın yanında olacağının göstəricisidir və gələcəkdə həmin sənədə oxşar formada digər ölkələrin iştirakı ilə də bənzər bəyannamələr imzalana bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Bakıda, Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərlərinin iştirakı ilə imzalanan Bakı bəyannaməsinin detalları və perspektivini dəyərləndirərkən deyib. Ekspertin sözlərinə görə, sənəddə konyunkturadan qaynaqlanan detallarla yanaşı, uzunmüddətli strateji xətti müəyyənləşdirən detallar da yer alıb: 

"Sözügedən bəyannaməni 44 günlük müharibə və ondan sonrakı dövrdə Azərbaycanla bağlı mövqeyi birmənalı olan dövlətlərin Bakıya gələrək, ölkəmizi dəstəkləmələrini yeniləmələri şəklində dəyərləndirərdim. Bakı bəyannaməsi digər iki dövlətin bundan sonra da Azərbaycanın yanında olması deməkdir. Müharibənin nəticələrinə görə, Bakını təbrik etmək həm də bundan sonrakı mərhələdə əldə olunan həmin qələbənin nəticələrini qorumaq istiqamətində də Azərbaycanın yanında olmaq deməkdir. Bu, həmçinin, pandemiyanın yaratdığı mürəkkəb vəziyyətdə də Bakının yanında olmaq deməkdir”. 
QAFSAM sədri bildirib ki, üç ölkənin imzaladığı sənəd hansısa başqa dövlətlərə qarşı yönəlməyib: 

"Bu əməkdaşlıq da Azərbaycanın indiyə qədər imzaladığı digər sənədlər kimi, sülhü, əməkdaşlıq mühitini qorumaq və inkişaf etdirməyə xidmət edir”.
Həmsöhbətimiz deyib ki, gələcəkdə bu münasibətlərin üçtərəfli strateji xarakteri daha da dərinləşdirilməlidir:

"Hansısa dövlətlər terror, ərazi iddiaları istiqamətində bu üç dövlətə qarşı nəsə etmək istəsə, Bakı, Ankara və İslamabad birlikdə onun qarşısını alacaq. Bundan sonra siyasi, iqtisadi, sosial, təhlükəsizlik səviyyəsində əməkdaşlıq daha da dərinləşəcək”. 

Politoloqun fikrincə, perspektivdə Bakı bəyannaməsinə oxşar formada digər ölkələrin iştirakı ilə də bənzər bəyannamələr imzalana bilər:

"Azərbaycan çoxsaylı əməkdaşlıq formatında iştiraka üstünlük verir. MDB-də, İqtisadi Əməkdaşlıq Təşkilatında, Türk Şurasında, Qoşulmama Hərəkatında da qalırıq. Bu isə ölkəmizə ciddi manevr imkanları verir. Azərbaycan, Türkiyə, Pakistan formatı da həm onlardan biridir, həm də onların ən çox dərinləşmə ehtimalı olanlardandır. Bura Türk dünyasından, Orta Asiyadan hansısa başqa dövlətlər də qoşularaq onu dördlük, beşlik və s. formata çevirə bilərlər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->