Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsi dünən Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada 4 dekabrda işinə başlayan 26-cı illik görüşü ərəfəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan dövlətinin mövqeyini təqdim edib.
Nümayəndəliyin yaydığı məlumatda Azərbaycanın münaqişənin ATƏT-in Minsk Qrupu formatında siyasi yolla həllinə sadiq qaldığı ifadə olunur. Qeyd edilir ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.
Məlumatda daha sonra bildirilir ki, konfliktin həlli yalnız "Helsinki Yekun Aktı”nda təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir.
Daha sonra qeyd olunur ki, ilk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır: "Bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsinin və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək”.
Yekunda bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. "Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”, - deyə rəsmi sənəddə vurğulanır.
*****
Beləliklə, Bakı Dağlıq Qarabağ məsələsində qəti olaraq "qırmızı xətti” cızdı: Azərbaycanın ərazi bütövlüyü heç bir halda alver mövzusu olmayacaq. Bölgənin statusu ilə bağlı referendum söhbəti də artıq yığışdırılır. Yalnız Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində Dağlıq Qarabağın hər iki icmasının hüquqlarının bərabər şəkildə qorunması şərtilə regiona özünüidarə statusu tanınır. Lap dəqiqi, apaydın mesaj verilir ki, Azərbaycan torpaqlarında ikinci erməni "dövləti”nin zühur edəcəyini gözləyənlər boşuna gözləyir. Söhbət təkcə ermənilərdən, erməni lobbisindən getmir. Həm də erməni havasına girən bəzi güclərdən gedir.
Bu mesaj sözsüz ki, ən əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın məkrli "3 tərəf” konsepsiyasına ("Problemin həlli Azərbaycanı, Ermənistanı və Dağlıq Qarabağı qane etməlidir” tezisi) Bakının yekun rəsmi cavabıdır. Paşinyan neçə vaxtdır özünün guya ən ədalətli olan bu bəyanatına Azərbaycandan cavab gözləyirdi. Bu da sənə rəsmi və arqumentli cavab.
Sənəd həmçinin onun təsbitidir ki, Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək haqqını özündə saxlayır. Belə bir hüququ onun əlindən hələ heç kim almayıb, ala bilməz. Biz özümüz imtina etməsək, savaş haqqını hər hansı başqa dövlət və ya beynəlxalq təşkilat mənimsəyə bilməz.
*****
Odur ki, işğalçı tərəf nə qədər tez yalançı qələbə eyforiyasından çıxıb öz xalqını mifik yox, həqiqi mənada mümkün olacaq sülhə hazırlasa, bir o qədər bütün region üçün, ilk növbədə də Ermənistanın özü üçün yaxşı olar. Əks halda, işğalçı ölkəni yeni müharibə fəlakəti gözləyir. Doğrudur, müharibə hamıya itkilər vəd edir, ancaq əksər siyasi və hərbi təhlilçilərə görə, Ermənistan indiki iqtisadi, hərbi və insani resursları ilə qat-qat böyük zərərə uğrayacaq.
Əfsus ki, Ermənistanın özünü demokrat sayan rəhbərliyi də sələfləri kimi yanlış eyforiyadan çıxa bilmir. Buna Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda ötən həftə verdiyi açıqlamalar şübhə yeri saxlamır. Sitat: "Bu gün hərbi balansdan çox danışırlar, Azərbaycanda bu silah var, başqa silah var. Biz təbii ki, hər şeyi edirik. Bu gün biz Maqadisdə oturmuşuq və qalib xalqın nümayəndələri kimi göz-gözə bir-birimizə baxırıq...”
Amma iki ay öncə Paşinyan ilk Ermənistan rəhbəri olaraq, bəyan eləmişdi ki, Azərbaycanla müharibə hələ bitməyib. Bu yaxınlarda Avropadakı erməni nəşrinə isə söyləmişdi ki, konflikt çözülmədən Ermənistanın inkişafı mümkün olmayacaq.
Elə isə özünü bitməyən savaşın qalibi saymaq, yaxud bitməyən müharibənin "qalibi” ədası ilə Azərbaycana kapitulyasiya şərtləri diktə eləmək, hazırkı müvəqqəti təmas xəttinin rəsmi cəbhə xətti kimi tanınmasını necə tələb eləmək olar. Axı elementar məntiq deyir ki, Azərbaycan indiki formal cəbhə xəttini istənilən an güc yolu ilə ermənilərin ziyanına dəyişə bilər. Bu gün cəbhə xətti buradan keçir, sabah İrəvandan da keçə bilər. Onda necə?
Demək, yeganə məqbul yol konfliktin beynəlxalq hüquq əsasında, heç bir canlı və maddi itki vermədən həllidir - hansı həll ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin son sənədində əksini tapıb...
Mənbə: musavat.com
Şərhlər