Ekonomiks 10:33 19.09.2019

Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq (RƏY)

İqtisadiyyatın əsas seqmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, yol qovşaqları, körpülər, keçidlər tikilib, eyni zamanda ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib, vaqon parkı və qatarlar yenilənib. Belə ki, dəmir yolu xətti Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçəcək. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu olub. Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq.

Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları” QSC Prezident İlham Əliyevin ötən ilin mart ayında imzaladığı "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamının icrası istiqamətində işlər davam etdirir. Məlumata görə, qurumun İnfrastruktur Departamentinin tabeliyindəki "Əsaslı Təmir" MMC Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir. Artıq Nərimanov stansiyasından Sabunçu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabunçu stansiyasinda 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb.

Bakının şəhərətrafı kənd və qəsəbələrinə dəmiryolu xəttinin yenidən qurulması ümumilikdə şəhər infrastrukturuna müsbət təsir edəcəyi gözlənilir. Bəs ekspertlərin bu barədə fikirləri nədən ibarətdir?

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın milli katibi, nəqliyyat sahəsi üzrə ekspert Akif Mustafayev "Finans.az"a bildirib ki, şəhərdaxili və şəhərətrafı sərnişin daşımalarında müəyyən sıxlıq yaşanır: "Bakıətrafı kənd və qəsəbələr, əsasən, insan axınının çox olduğu ərazilərdir. Sıxlığın çox olması isə müəyyən problemlərin yaranmasına səbəb olur. Şəhərətrafı kənd və qəsəbələrə dəmir yolunun istismara verilməsi ilə problemlər həll ediləcək. Bununla yanaşı, hazırda əhalinin böyük bir qismi metrodan istifadə edir. Buna görə şəhərətrafı kənd və qəsəbələri əhatə edən dəmir yolunun istismara verilməsi çox vacibdir. Bu, metroda, avtobusda sıxlığı aradan qaldıracaq. Dəmir yolu daha böyük tutumlu nəqliyyatdır və sərnişinlərin daha rahat getməsini təmin edir və bu, qəsəbə sakinlərinə böyük bir rahatlıq gətirəcək”.

A.Mustafayev şəhər nəqliyyatında yaşanan sıxlığın psixoloji məqamına da toxunub: "İnsanlar hər gün işə əsəbi və yorğun deyil, əksinə, rahat gəlməlidirlər. İşə yorğun və əsəbi gəlmək işə təsir göstərir. Həmçinin dövlətin əsas mənbəyi ailələrdir. İşdən sonra hər kəs öz evinə qayıdanda nəqliyyata görə gərginlik yaşayırsa, həmin gərginlik ailəyə də təsir edir”.