Asif Nərimanlı
Azərbaycan və Türkmənistan arasında "Kəpəz” və "Sərdar” yatağının birgə işlədilməsi razılığı əldə olundu: bu, Rusiyanın qarşı olduğu, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə "yaşıl işığın” yandırıldığı hesab oluna bilər.
- İki ölkənin dəniz sərhədində yerləşən (Kəpəz–Azərbaycan), (Sərdar-Türkmənistan) yataqlarla bağlı mübahisələr var idi;
- Xəzərin statusunun həll edilməməsi Transxəzər layihəsinə ciddi əngəl idi.
Moskva Avropa bazarında rus qazının hakim mövqeyinə risklərin yaranmaması üçün bu iki amili illərdir körükləyirdi.
Burada Azəraycanın strateji önəmi və manevrləri önə çıxır:
1. Cənub Qaz Dəhlizi layihəsi irəli sürüldü (2014-cü il, enerji müharibəsinin Kiyev küçələrində partlamasından sonra);
2. Xəzərin hüquqi statusu Bakıya sərf edən konvensiya əsasında həll olundu (2019-cu il: Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər”, buna qarşı yalnız "ekoloji problem” maneədir);
3. Cənub Qaz Dəhlizi layihəsi tamamlandı və Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxdı (2020-ci il, Qarabağ müharibəsindən sonra);
4. Bakı və Aşqabad mübahisəli yataqların "Dostluq” adı altında birgə işlədilməsinə qərar verdi.
Xəzərin statusunun həllindən sonra Transxəzər layihəsinin önündəki digər amil də aradan qalxdı deyə bilərik və Rusiyanın proseslərə müdaxiləsinin azaldığı da müşahidə olunur. Bu layihədə iki faktor önə çıxır.
Enerji faktoru:
- Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdə gəlir: ümumdünya ehtiyatlarının 9 faizi. Əsas bazarı Rusiya olub, lakin Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad buna qarşı Çin və İran bazarına çıxdı, lakin mövcud bazarları şaxələndirmək üçün əsas istəyi Avropa bazarıdır;
- Azərbaycan qazı Avropanın rus qazından asılılığının aradan qalxmasına bəs etmədiyi üçün Mərkəzi Asiyanın enerji resurslarının CQD-nə çatdırılması vacibdir. Türkmənistan 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər qazı Bakıya çatdıra bilər: bu, ilkin dövrdə sıxlaşdırılmış qazın tankerlərlə, sonrakı dövrdə dənizin dibindən çəkiləcək boru kəməri ilə mümkündür.
Siyasi faktor:
- Aşqabad Avropa bazarına çıxmaqla enerji daşıyıcılarını, həm də siyasi oriyentasiyasını şaxələndirə bilər;
- Azərbaycan Avropa bazarı ilə yanaşı, yeni dünyada inkişaf edən Çin bazarına da çıxış əldə edir: Mərkəzi-Asiya-Çin magistral kəməri;
- Türk dünyasının siyasi-iqtisadi istiqamətdə daha da yaxınlaşmasına imkanlar artır: Naxçıvan dəhlizindən sonra bu razılaşma təsadüfi deyil;
- Çindən başlayan, dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişdirəcək "bir kəmər bir yol” layihəsində Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır.
Rusiya prosesə necə yanaşacaq? Layihə əvvəldən Moskvaya qarşı idi, lakin ABŞ-ın zəifləməsi fonunda Çinin yüksəlməsi, rusların da yer aldığı qlobal dəyişiklik Rusiyanın prosesə müdaxiləsini zəiflədir. Moskva baş verənlərdən daha çox qazanclı çıxmaq niyyətindədir: bükə bilmədiyi əli sıxmaq kimi...
Şərhlər