Xəbər lenti

Bakıda Abutalıbovun sərəncamına görə qarşıdurma: tikinti “baronu” misli görünməmiş üsula əl atdı
Foto 19:55 23.01.2018

Bakıda Abutalıbovun sərəncamına görə qarşıdurma: tikinti “baronu” misli görünməmiş üsula əl atdı

Bakının Xətai rayonunda çoxmərtəbəli binaların həyətini hasarlayıb təzə bina tikmək istəyən iş adamı ona mane olan sakinləri məhkəməyə verərək "vurduqları maddi və mənəvi ziyana görə” cəmi 60  min manat tələb edir.

Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, rayonun Telnov küçəsi, 10 və Məzahir Rüstəmov küçəsi 19, 21, Sarayev küçəsi,19  ünvanlarında yerləşən binaların ümumi həyəti yeni çoxmərtəbəli binaların tikintisi üçün hansısa MTK tərəfindən zəbt olunub. Ərazidə 15 mərtəbəli binanın tikintisi planlaşdırılıb. Bir  neçə ay əvvəl tikintiyə hazırlıq məqsədi ilə həyətdəki ağacları kəsmək üçün nişanlayıb və əraziyə tikinti materialları da töküblər. Ərazi özül qazılmaq üçün hasarlanıb.

Lakin sakinlərin etirazlarından sonra tikintiyə hazırlıqlar rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb. Sakinlər adını heç cür öyrənə bilmədikləri MTK-nin bu dəfə onlardan qısas almaq üçün məhkəmə iddiası qaldırdığını deyirlər. Deyirlər ki, şirkətin adını öyrənə bilməsələr də onun sahibinin Ələddin Zeynalov adlı biznesmen olduğunu dəqiqləşdiriblər. O, fiziki şəxs kimi 3 sakinə qarşı məhkəmə iddiası qaldıraraq hər birindən "maddi ziyana” görə 10 min manat, "mənəvi ziyana” görə də eyni məbləğdə təzminat tələb edir.


Sahibkar iddia ərizəsində  göstərir ki, ona həmin ərazidə tikinti aparmaq üçün icazəni Bakı Şəhər İcra Hakimiyyəti verib. O, qeyd edir ki, sərəncama əsasən, torpaq sahəsinin təmizlənməsi, hasara alınması və tikinti-quraşdırma işlərinin aparılması zamanı sakinlər tərəfindən "qanunsuz müdaxilə” ilə üzləşib. Buna görə də, işləri vaxtında yerinə yetirə bilməyib, nəticədə maddi və mənəvi zərərə düşüb.

"Bakı Şəhər İcra Hakimiyyəti başçısının 238 saylı, 02.06.2017-ci il tarixli sərəncamı ilə Xətai rayonu 2346-cı məhəllə, M. Rüstəmov küçəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün mənə icazə verilib. Qeyd olunan sərəncamdan irəli gələn tikintinin layihələşdirilməsi və tikinti-quraşdırılma işlərinin aparılması zamanı cavabdehlər və 3-cü şəxslər tərəfindən maneələr törədilir. Cavabdehlərdən maddi ziyan kimi 10 min manat, mənəvi zərərə görə isə 10 min manat tutulmasını xahiş edirəm”, - deyə iddia ərizəsində qeyd olunur.

Sakinlər isə onlara təqdim olunan iddiada istinad edilən sərəncamın həmin sahibkarın yaxınlıqda tikdirdiyi digər binaya aid olduğunu deyirlər. 

"Ələddin Zeynalov sakinlərlə qanunsuz mübarizə aparır. O, burada yaşayan 3 sakini – Nailə Qafarovanı, Vaqif Bağırovu və məni – Mehriban Nərimanovanı məhkəməyə verib. Guya biz ona maddi və mənəvi ziyan vurmuşuq. Buna görə bizdən 30 min manat tələb edir. Axı ondan soruşan yoxdur ki, sənə hansı maddi zərər dəyib? O, iddia edir ki,  hökumətə sərəncam üçün pul ödəyib. O zaman bizə ödənişin qəbzlərini göstərsin. Bundan başqa, ona sərəncamı kim veribsə, gedib pulu da ondan tələb eləsin. Bununla bizi qorxutmaq, öz qanunsuz əməllərini davam etdirmək istəyir. Belə getsə, biz hərəmiz ondan 10 min manat tələb edəcəyik”, - deyə şikayətçi Mehriban Nərimanova bildirir.


Sakinlər həm də sabah yanvar ayının 24-ə təyin olunan məhkəmə iclasına Ə. Zeynalovun özünün də qatılmağını istəyirlər.

Şikayətçi Nailə Kərimova deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirən sakinlərə həmin şəxsə tikinti üçün icazə verilmədiyini, yalnız layihəyə sərəncam verildiyi bildirilib.Göstərilən ünvanlarda yaşayan 7 mindən artıq sakinin etirazı və müvafiq dövlət idarələrinə aylarla davam edən şikayətlərindən sonra Xətai Rayon İcra Hakimiyyətindən onlara bu ərazidə sakinləri icazəsi olmadan hər hansı tikinti aparılmayacağını bildiriblər.

Bu qərarla razılaşmayan iş adamı Ə. Zeynalov isə sakinləri təhdid edərək "mən onsuz da burada bina tikəcəyəm” deyə bildirib. Sakinləri məhkəməyə verməklə onları qorxudub geri çəkilməyə məcbur etmək istəyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->