Azərbaycanın məşhur otellərinin birində - "Sapphire Marine” otelində qeyri-adi praktika tətbiq edilir.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, turist mövsümünün ən qaynar çağında bu oteldə dünyanın sivil ölkələrində rast gəlinməsi mümkünsüz olan qadağa qüvvədədir.
Belə ki, rəsmi nikahı haqqında sənəd təqdim etməyən cütlüklər bu otelin qonağı ola bilməzlər.
Maraqlısı odur ki, bu qadağa yalnız və yalnız Azərbaycan vətəndaşlarına aiddir. Yəni, oteldə qeydiyyat zamanı əcnəbi vətəndaşlardan yalnız pasport tələb olunur (dünya praktikasıdır) və ondan sonra həmin şəxslər oteldə kimlə istəsələr, qala bilərlər, istəyir üç, istəyir beş yüngül əxlaqlı qadın olsun...
Otel əcnəbiləri açıq şəkildə ölkə vətəndaşlarından üstün tutaraq, otellərin bron olunması üçün dünyada ən çox istifadə olunan Booking.com saytında bu barədə elan yerləşdirib:
Gördüyümüz kimi, "Sapphire Marine” müştərilərə əvvəlcədən xəbərdarlıq edir: Azərbaycan vətəndaşları, nikah kağızınız yoxdursa, zəhmət çəkib qapımızı döyməyin.
Maraqlıdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına və xüsusən də turizm sahəsinə bu qədər diqqət yetirildiyi dönəmdə, ucqar rayon və kəndlərimizdə deyil (regionların spesifik xüsusiyyətlərini, bəzən adət-ənənələrin qanundan üstün qüvvə daşıdığı yerlərin mövcudluğunu nəzərə alırıq), məhz paytaxda yerləşən oteldə belə bir halın yaşanması təəccüb doğurmaya bilmir.
Və bu məsələdə öndə olan " Sapphire Marine” otelin ölkə vətəndaşlarına qarşı təhqiramiz, azərbaycanlıları alçaldan tələbidir. Yəni, əgər otel rəhbərliyini mənəvi dəyərlər, adət-ənənələr maraqlandırırsa, o zaman niyə qadağa yalnız Azərbaycan vətəndaşlarına şamil olunur?
Xaricdən gəlib oteldə qalan, bəzi hallarda yüngül əxlaqlı qızların iştirakı ilə əyləncələr təşkil edən əcnəbilərin hərəkətləri halaldır, Respublika vətəndaşının sevdiyi şəxs, münasibəti olduğu adamla oteldə nömrə sifariş etməsi – haram?
Şərhlər