Okyabrın 26-sı "Yeni Klinika” tibb müəssisəsində "Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən həyata keçirilən "Təhlükənin kulMİNAsiya nöqtəsi” fotolayihənin bağlanış mərasimi keçirilib.
Tədbir çərçivəsində klinikanın foyesində mina qurbanlarına həsr olunan "Düyməni sıxan ayaqlar” adlı fotosərgi təşkil olunub. Sərgidə layihə zamanı çəkilmiş müxtəlif illərdə mina partlayışları nəticəsində xəsarət alan insanların həyatını təsvir edən 50 fotodan ibarət ekspozisiya nümayiş olunub. Nümayiş olunan fotoşəkillər peşəkar fotoqraflar Famil Mahmudbəyli, Dilavər Nəcəfov, Yaqub Cəfərov və Rəşad Mehdiyev tərəfindən çəkilib. Həmin şəkillər bir müddət öncə Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında da iki gün ərzində sərgilənib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin, eləcə də mina partlayışı hadisələri nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. "Gilavar Foto Klubu” ictimai birliyinin sədri və layihə rəhbəri Rəşad Mehdiyev çıxış edərək bildirib ki, Birliyin layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin qalibi olub. Fotolayihənin əsas məqsədi mina qurbanlarının sayının artmasının qarşısının alınmasına dəstək vermək, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının ərazisində mina partlayışları nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətlərini fotolar vasitəsilə göstərmək, onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir. İnsanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır. Məlumat verilib ki, 5 ay davam edən layihə çərçivəsində 30 ildən atrıq müddətdə 80-ə yaxın mina hadisəsi qurbanı olan insanlar ilə görüşlər keçirilib, bu insanların acı durumu fotolarda olduğu kimi göstərilib. Layihə ölkənin 15 rayonu, 8 şəhər və 39 kəndi əhatə edib. Bu müddət ərzində təxminən 5 min kilometrdən artıq məsafə qət olunub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov maarifləndirmə tədbirlərinin vacibliyinə diqqət çəkib: "Aparılan minatəmizləmə əməliyyatlarına baxmayaraq hələ də mina terroru səbəbindən dünyasını dəyişən insanlar var. Vətən müharibəsindən sonra 381 nəfər mina partlayışının qurbanı olub. Düşünürəm ki, bu kimi maarifləndirmə layihələrinin nəticələri müsbət olacaq”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ANAMA-nın koordinasiyası altında mina və partlamamış hərbi sursatlardan zərər görən bölgələrdə mina təhlükəsinə dair maarifləndirmə işləri həyata keçirir: "Biz əlimizdən gələni edirik ki, dinc əhali bu hadisələrdən sığortalasın və onların qarşısı alınsın. Bu lahiyə mina probleminə bir daha diqqət çəkdi. Belə bir layihəni təqdim etdiyiniz üçün komandanıza təşəkkür bildirmək istəyirəm”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycanın işğaldan azad olunan ərazilərində hələ də mina təhlükəsi olduğunu qeyd edib: "Xalqımız 30 il ərzində böyük acılar yaşadı. Bizim torpaqlarımızda hələ də milyon yarım "gizli düşmən” qalıb. Bu cür sərgilərin, bu cür aksiyaların kütləviləşdirilməsinə, daha çox keçirilməsinə ehtiyac var. Bu yaxınlarda ANAMA-nın dəstəyi ilə BMT-nin Cenevrədəki ofisində tədbirimiz olacaq və mən düşünürəm ki, bu fotoları biz orada nümayiş etdirsək, çox gözəl olar”.
Sonda sərgilənən fotolar gələcəkdə də istifadə olunması, beynəlxalq tədbir və konfranslarda nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) hədiyyə olunub.
Qeyd edək ki, layihə çərçivəsində fotosərgilərlə yanaşı iki marifləndirici videoçarx və elektron fotokitab da hazırlanıb. Fotokitabda mina qurbanlarının hekayələri, onların hazırki durumunu əks edən fotoşəkillər, mina hadisələrin xronologiyası və digər statistik məlumatlar əks olunub.
Şərhlər