Ölkə 16:37 19.07.2019

Bakıda "tol" qiymətləri

Bakının xüsusən payız aylarında artan yağışları binaların "tol" örtüyünə ciddi ziyan vurur. Hazırda yay mövsümü olması ilə bağlı bazarda "tol"lara olan tələbat nisbətən azdır. Belə ki, soyuq aylarda gün ərzinə 100 "tol" satılırsa, indi bu rəqəm 20-yə enib.

Qaynarinfo xəbər verir ki, hazırda bazarlarda "tol" müxtəlif ölkələrdən gətirilir və fərqli qiymətlərə satılır. Belə ki, hazırda bazarda Rusiya, Türkiyə və Azərbaycan məhsulları var. 

Rusiyanın keyfiyyətsiz və keyfiyyətli məhsulu

Rusiya istehsalı olan "tol"ların 2 növü Azərbaycan bazarına girir. Tərkibi, ipli və parçalı olaraq ikiyə ayrılan məhsulların hər ikisi də 9 kv.m və 2,5 mm qalınlığa sahibdir. Amma ipli adlandırılan məhsul digərindən daha keyfiyyətsizdir. Belə ki, ipli adlandırılan "tol" 14 manata, parçalı "tol" isə 17 manata topdan qiymətinə satılır.

Türkiyənin Azərbaycanda istehsal etdiyi məhsul

Resepti və xam maddəsi Türkiyəyə, istehsalı Azərbaycana aid olan "tol" 9 kv.m-ə və 2,4 mm qalınlığa sahibdir. Tərkibi parçalı olan bu məhsul bazarda öz yerini alıb və topdan satış qiyməti 25 manatdır. Rusiyanın ipli məhsuluna görə keyfiyyətli hesab olunsa da, parçalı məhsulundan keyfiyyətsiz olaraq qiymətləndirilir. Satıcıların sözlərinə görə, sözügedən Türkiyə məhsulu digərlərindən daha baha olduğuna görə onlara tələbat azdır. Amma yerli məhsula görə daha çox satılır.

İdxaldan baha başa gələn yerli məhsul

Paytaxt Bakıda istehsal olunan yerli məhsulun bazarda topdan satış qiyməti 18 manat təşkil edir. 10 kv.m-ə və qalınlığı 3 mm-ə bərabər olan yerli məhsulun tərkib hissəsi rezindən ibarətdir. Xammadəsi xaricdən alınan yerli məhsul "tolu" bazarda öz yerini tutub.

Usta haqqı kv.m-ə görə dəyişir

"Tol"u aldıqdan sonra usta ehtiyyac duyulur. Mağazaların təklif etdiyi ustalar alının "tol"dan aslı olmayaraq, hər "tol"u 10 manata vurur. Qiymət bazarlığında isə ən aşağı qiymət 8 manata qədər düşür. Dərnəgül körpüsü adlandırılan yerdə fəhlələr isə 10 ədəd "tol"un vurulması üçün 50-60 manat pul alırlar (yəni, hər "tol" üçün 5-6 manat).
 
Nərmin Həsənli