Xəbər lenti

Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı
Ölkə 18:32 15.05.2019

Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı

"Bu, dövlət proqramında da öz əksini tapıb”.
Avropada və dünyanın əksər ölkələrində tramvaylar hələ də işləyir. Bəzi böyük şəhərlərdə isə sürətli tramvaylar fəaliyyət göstərir. Türkiyədə isə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Bəs, Bakıda tramvay və trolleybus xətlərinin yenidən bərpası mümkündürmü? İllərdir tətbiqi gözlənilən və dəfələrlə müzakirələrə səbəb olan metrobus təcrübəsi necə, paytaxtda gözləniləndirmi?
 
Qaynarinfo xəbər verir ki, Bakucity.az bu  suallara cavab axtarıb. Materialı oxuculara təqdim edirik. Mais Ağayev: "Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfimizdir”

Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin dediyinə görə, alternativ ictimai nəqliyyat növlərinin yaradılması istiqamətdə zəruri addımlar mərhələli qaydada atılacaq:

"Vətəndaşlara yaxşı sərnişindaşıma xidmətinin göstərilməsi həm təhlükəsizlik, həm də keyfiyyət baxımından vacibdir. Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfimizdir. Bununla bağlı dövlət başçısı tərəfindən də qarşımızda konkret tələblər qoyulub. Qeyd edim ki, bu tapşırıqların icrası çərçivəsində hazırda avtobus parkının yenilənməsi və kart sisteminin əhatə dairəsinin genişləndirilməsi işləri gedir. Alternativ ictimai nəqliyyat növlərinin yaradılması məsələsi ötən ilin sonunda qəbul edilən dövlət proqramında da öz əksini tapıb”.
Mais Ağayavev qeyd edib ki, nəzərdə tutulan bütün bu işlərin tətbiqindən sonra Bakı Nəqliyyat Agentliyi (BNA) tramvay və trolleybus xətlərinin bərpası və metrobus təcrübəsi məsələlərinə baxacaq.

Elməddin Muradlı: "Ötən bu aylar ərzində ciddi addımlar atan olmayıb”
Mövzu ilə bağlı münasibət birldirən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu cür nəqliyyat vasitələrinin Bakıda yenidən bərpa edilməsi üçün paytaxtda lazım olan şərait var, amma tamamilə dağılmış bu infrastrukturu  yenidən qurmaq asan başa gəlməyəcək:

"Ötən il ölkə Prezidenti İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təstiqlənib. Proqramda bizim hər bizirimizi düşündürən, marağımızda olan məsələlər öz əksini tapıb. Çünki biz sürücü, sərnişin, piyada olaraq istənilən halda yol hərəkəti iştirakçısıyıq. Ona görə də bu proqram həyatımızın əksər hissəsini təşkil edir və biz hamımız maraqlıyıq ki, yollarımızda insanlar dünyalarını dəyişməsinlər. Proqramı dərhal və geniş şəkildə həyata keçirmək, proqrama dair yeni təkliflər vermək lazımdır. Bir sözlə, qısa zamanda texniki cəhətdən istifadə müddəti bitmiş nəqliyyat vasitələrini tamamilə yığışdırmaq, onları tramvay və  trolleybuslarla əvəzləmək mütləqdir. Çünki onlar digər nəqliyyat vasitələrindən daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir. Düzdür, bu nəqliyyat növlərini əvvələr keçdikləri bütün küçələrdə bərpa etmək çətindir, amma Fizuli küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev və Moskva prospektləri, Bakı-Sumqayıt yolu kimi bir çox küçə və prospektlər, hətta əvvəlkinə nisbətən genişlənən yollar var. Yusif Səfərov küçəsi və Nefçilər prospektində bunu daha tez etmək olar”. 

Ekspertin fikrincə, şəhərdə tıxacların qarşısını almaq üçün də əlverişli olan bu nəqliyyat növlərinin istifadəyə verilməsi üçün dənizüstü və dənizaltı, dağların arası və ya altı ilə yollar da çəkmək olar:

"Tramvay və trolleybus kimi ictimai nəqliyyat növlərinin yaradılması, tətbiq edilməsi şəhər sakinləri üçün çox əlverişlidir. Paytaxtda sıxlığı azaltmaq üçün atılan addımlardan bəlkə də ən vacibi elə bu olardı. Çünki paytaxtda istər avtobus, istər taksi, istərsə də metro kimi nəqliyyat vasitələri yetəri qədər rahat və təhlükəsiz deyil. İnsanlar məcburən şəxsi avtomobillərindən istifadə edirlər ki, bu da yollarda sıxlığa, aşırı tıxaclara səbəb olur. Xarici ölkələrdə isə demək olar ki, yalnız böyük iş görüşmələrinə və ya çox özəl məqamlarda şəxsi avtomobillərdən istifadə olunur.  Kənar-dairəvi yola çıxmaq bəzən problem yaratdığına görə, Türkiyədə olduğu kimi, bizdə də dağların arası və altı ilə tunellər çəkmək olar. Məsələn, "20 Yanvar”dan Qaradağ rayonu istiqanətinə tamam yeni bir layihə işləmək imkanımız var”.

Metrobus təcrübəsi faydalıdırmı?

Ekspert metrobüs təcrübəsinin Bakıda mümkün olduğunu və bunun paytaxtdakı tıxacları azaldacağını qey edib:
"Bakıda metro tikintisini elə aparırlar ki, sanki metro yalnız yerin altında olmalıdır. Ancaq bu belə deyil. Metro stansiyalarının da açıq havada dayanacaqları olmalıdır və metrobüs nəqliyyat növünün də tətbiq olunması bundan irəli gələn bir məsələ kimi mümkündür”.

Qeyd edək ki, Bakıda 2000-ci ildə əlverişli nəqliyyat növü hesab olunan tramvayların yığışdırlması əhalinin narazılığına səbəb olmuşdu.
Ötən il dekabrın 27-də isə ölkə prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təstiqlənib və həmin proqramda bu cür ictimai nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi öz əksini tapıb. Proqramda bu işlərin görülməsi üçün 5 il müddət nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->