Xəbər lenti

Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i…
Ölkə 09:56 03.08.2020

Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i…

Bu günlərdə Türkiyənin İstanbul şəhərinə Azərbaycan Respublikasının yeni baş konsulu təyin edildi. Ölkə başçısının sərəncamına əsasən, sözügedən diplomatik post Nərminə Mustafayevaya tapşırıldı.

Qaynarinfo xəbər verir ki, Modern.az saytı yeni baş konsulun bu təyinata qədər harda çalışdığını araşdırarkən məlum oldu ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, vaxtilə - 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi" proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Azərbaycan Respublikası birinci dəfə deyil ki, İstanbula baş konsul kimi jurnalist göndərir.

Bilməyənlər üçün xatırladaq ki, bundan əvvəl də İstanbul şəhərində Azərbaycan Respublikasının 6 baş konsulundan 4-ü jurnalistlər olub.

Başlayaq Azərbaycandan İstanbula göndərilən ilk baş konsuldan - Abbas Abdulladan.
Abbas Abdulla Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə 1992-ci ildə baş konsul vəzifəsilə görəvləndirilmişdi. O, həmin vəzifədən 1997-ci ildə geri çağırılıb.
Abbas Abdulla vaxtilə jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, hələ tələbə ikə Bakı Neftayırma zavodunda çıxan "Neftayıran" çoxtirajlı qəzetin əməkdaş olub (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992) işləyib.
A.Abdulla 2019-cu ilin sentyabrında vəfat edib.

***
Azərbaycanın İstanbuldakı 2-ci konsulu da jurnalist olub – Xeyrəddin Qoca.
Xeyrəddin Qoca 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər İstanbul şəhərində baş konsul vəzifəsində işləyib. Ona 1-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi də verilib.
X.Qoca 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. "Politexnik" qəzetində müxbir (1974-1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (1977-1982), Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (1978-1982), "Dan ulduzu" qəzetində baş redaktor (1987-1991), "Mədəniyyət" qəzetində baş müxbir (1991), "Şeytan" jurnalında müxbir (1991-1992), "Açıq söz" qəzetində redaktor müavini (1992), "Mozalan" qəzetində redaktor müavini (1992-1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1993-1997) vəzifəsində çalışıb.
O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olub. Hazırda təqaüdçüdür.

***
Rəsmi Bakının İstanbula təyin etdiyi 3-cü konsul da jurnalist olub – İbrahim Nəbioğlu.
İbrahim Nəbioğlu 2003-2006-cı illərdə baş konsul işləyib.
O, 1990-1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlayıb. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurub və onun baş direktoru vəzifəsində çalışıb. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərib.

1994-1997-ci illərdə "Avrasıya", 1997-2001-ci illərdə isə "Panorama" qəzetlərinin köşə yazarı olub, "Zerkalo", "Ayna" qəzetləri ilə əməkdaşlıq edib. 2003-cü ildə "Türkiyədə ilin jurnalisti" adına layiq görülüb. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Hazırda da "Ayna.az” saytında məqalələri və köşə yazıları dərc olunur.

***

Maraqlıdır ki, 2006-cı ildə də Bakıdan İstanbula göndərilən yeni baş konsul keçmiş jurnalist idi. Söhbət Səyyad Arandan gedir. 2006-cı ildə ona Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib, həmin ildən 2010-cu ilə qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu işləyib. 
Daha öncə isə Səyyad Aran jurnalist kimi də faəliyyət göstərmişdi. Belə ki, 1991-ci ildə "Elm" qəzetində işləyib, orada şöbə müdiri olub. 1992-1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini işləyib.
Konsul vəzifəsindən azad olunandan sonra 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib. Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına sahibdir.
Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavinidir.

***

Bu dörd nəfərdən sonra Bakıdan İstanbula göndərilən 2 baş konsul jurnalistika sahəsinə bağlı adam olmayıb - Həsən Zeynalov (2010-2015) və Məsim Hacıyev (2016-2020).

Həsən Zeynalov əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunu, ardınca Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1992-2004-dən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi, 2004-2010-da Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu olub.
2010-2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi işləyib.
2015-ci ildən indiyə kimi Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiridir.

Məsim Hacıyev isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1996-2000-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda konsul olaraq fəaliyyət göstərib. 2000-2016-ci illər ərzində Azərbaycan XİN-də müxtəlif diplomatik vəzifələrdə fəaliyyət göstərib. Baş konsul təyin olunmadan öncə Xarici İşlər Nazirliyi Ümumi katiblik idarəsinin rəisi vəzifəsində çalışıb. 5 aprel 2016-cı il  tarixində İstanbula baş konsulu təyin edilmişdi.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə yenidən jurnalist gəlib – ANS TV-nin keçmiş əməkdaşı Nərminə Mustafayeva.

Maraqlıdır, yeni baş konsuldan gözləntilər nələrdir?

Sualı Ankarada yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı belə cavablandırıb.

"Mən bu fikirdəyəm ki, İstanbuldakı baş konsul sadəcə siyasi dairələrlə yox, azərbaycanlılarla da danışmaq bacarığına sahib olmalıdır. Nəzərə alsaq ki, İstanbuldaki azərbaycanlıların böyük əksəriyyəti Naxçıvandan olan sadə, bəziləri hətta təhsilsiz soydaşlarımızdır - onların da problemini öyrənib həmin məsələləri  həll etməyə çalışılmalıdır”.

Jurnalistin sözlərinə görə, İstanbuldakı keçmiş baş konsulların çoxunun fəaliyyətindən narazı qalındığı üçün geri çağırılıblar. İ.Qasımlı xatırladıb ki, keçmiş baş konsullardan yalnız Həsən Zeynalov daha sonra yüksək vəzifəyə aparılıb. Qalanların isə baş konsul vəzifəsi ya dövlət vəzifəsində son işi olub, ya da daha aşağı işlərə gediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->