“Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə vermiş və bunun davamı olaraq əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb”.
"Qaynarinfo" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, bu il pilot layihə olaraq Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub: “Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək”.
Baş direktor vurğulayıb ki, bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb: “Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir, “Dərnəgül”, “Avtovağzal” və “28 may” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır”.
Qurum rəhbəri əlavə edib ki, paytaxtımızın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə, 1 100 ədəd piyada keçidlərinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq yerləşdirilməsi nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadəsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılmış və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. “Bu baxımdan piyada keçidlərində piyadalar üçün işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir”, - deyə V. Kərimli bildirib.
Baş direktorun sözlərinə görə, Bakının ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb: “Belə ki, şəhərin 11 arterial küçəsi üzrə parklanma, şəhər mərkəzində 74 yol kəsişməsində, Tbilisi prospektində 4 əsas kəsişmədə, Şərifzadə küçəsində, “Heydər Məscidi” qarşısında, 3-cü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, 20 Yanvar dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələri, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”.
Qaynarinfo.Az
Şərhlər