Ekonomiks 16:55 26.01.2022

“Bank Respublika”nın xalis faiz mənfəəti artaraq 56 milyon manatı keçib!

Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan "Bank Respublika” 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib və bazardakı lider mövqelərini möhkəmləndirib.

1 yanvar 2022-ci il tarixinə Bankın aktivləri 1,2 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 25% artaraq 104,48 milyon manat olub və minimum məcmu kapital normasını (50 mln. manat) 2 dəfədən çox üstələyib.

2021-ci illə müqayisədə Bankın xalis faiz mənffəti 25% artaraq 56,8 milyon manata, xalis mənfəəti isə 19,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.

12 ayın nəticələrinə əsasən Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən illə müqayisədə Bankın kredit portfeli 65% artıb və verilən kreditlərin əsas hissəsi həm Bank, həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib. Bankın depozit portfeli 16,2% artıb ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,66% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,6 dəfə və 1,4 dəfə çoxdur.

"Bank, yüksək korporativ idarəetmə standartları və etibarlı risk idarəetmə sistemi sayəsində 2020-ci ildə risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi ki, bu da 2021-ci ildə həm kredit, həm də qeyri-kredit sahələrində əla maliyyə nəticələrinin əsasını təşkil etdi. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və səmərəli işlərinə görə, həmçinin, tərəfdaşlarımıza və müştərilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirəm. 2022-ci ildə biz innovativ məhsulların yaradılması və yeni rəqəmsal həllərin tətbiqi ilə real sektora xidmət sahəsində fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq” - deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.