Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Ruslan Əsgərov və Seyfulla Seyfullayevin vəkilləri müvəkkillərinin cinayət işində olan dəlillərlə bağlı münasibət bildiriblər.
Onlar deyiblər ki, hüquqlarını müdafiə etdikləri şəxslərin cinayət işi sübuta yetirilməyib.
Daha sonra təqsirləndirilən F.Əmiraslanovun vəkili Həbib Həbibbəyli çıxış edib. O, apellyasiya şikayətini müdafiə etdiyini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
D.Xəlilovun vəkili Elvin Səlimov da apellyasiya şikayətini müdafiə etdiyini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Beynəlxalq Bankın nümayəndəsi çıxışında mülki iddianın tam şəkildə təmin edilməsini istəyib.
Məhkəmə noyabrın 14-də davam edəcək.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon mana mənimsəməkdə təqsirləndirilirlər.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödəniliməsinə yönəldilib.
Qaynarinfo.Az
Şərhlər