Ekonomiks 13:40 04.05.2021

Bank sistemində islahatlara nədən başlanmalıdır? - Ekspert

"Azərbaycanda bank qanunvericiliyi kökündən dəyişməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert banklarda islahatlar aparılmasının vacibliyindən danışarkən Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, islahatlara bank nəzarətinin konsepsiyasının kökündən dəyişməsi ilə başlanılmalıdır:

"Bu gün bütün dünyada problemli kreditlər artıb. Həm sahibkarlar, həm də vətəndaşlar bu şəraitdə kreditlərin ödənilməsində çətinlik çəkirlər. Çünkü gəlirlər çox düşüb. Bu, bütün dünyada müşahidə olunan prosesdir. Dövlət başçısı iki dəfə - 2004-2014-cü ildə tapşırıq verib ki, bank məcəlləsi hazırlanmalıdır. Qanunvericilik kökündən dəyişməlidir. Mərkəzi Bankın özündə islahatlar olmalı və müşahidə şurası yaradılmalıdır ki, onun fəaliyyətinə nəzarət etsin. Nəzarət daha da ciddiləşməlidir”.

Əkrəm Həsənov bank sistemində rəqabətin olmasını vacib sayır:

"Bank olmayan kredit təşkilatlarının da fəaliyyətini genişləndirmək lazımdır ki, vətəndaşların bank xidmətlərinə çıxış imkanları daha çox olsun. Eyni zamanda "Azərpoçt”un fəaliyyətini genişləndirmək lazımdır. "Azərpoçt” Azərbaycanda yeganə maliyyə qurumudur. Bank hesabı aça bilər, bank əməliyyatları apara bilərlər. Amma belə bir qurum bu gün kredit verə bilmir. O, yeganə qurumdur ki, hər kənddə onun şöbəsi var. Bu gün bank sistemində inhisarlaşma var ki, o da böyük problemdir”.

Bahar Rüstəmli