Samir Əliyev: “Yerli malların alınması üçün banklar tərəfindən kreditlər verilməlidir”
Bankların real sektoru maliyyələşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Ekspertlərsə bildirirlər ki, qısa zamanda bankların real sektora üz tutmasını gözləmək sadəlövhlük olar. Nə qədər ki, real sektorda yüksək risklər mövcuddur, kredit təşkilatları həmin sahəyə pul yönəltməkdə maraqlı olmayacaq.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, hökumətin narahatçılığı başadüşüləndir: “Azərbaycanda istehlak kreditlərinin payı durmadan artır. 2005-ci ildə istehlak kreditinin ümumi kredit qoyuluşunda 27 faiz olduğu halda, hazırda bu rəqəm 41 faizə yüksəlib. 2014-cü ilin 5 ayında kredit qoyuluşunda müşahidə edilən 1,2 milyard manatlıq artımın 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditlərinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükə yaradır. Çünki, əhali borclanmaya gedir, istehlak kreditləri yerli yox, xarici istehsalı stimullaşdırır”.
Ekspertin sözlərinə görə, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və hətta Rusiya kimi ölkələrdə istehlak kreditləri əsasən yerli istehsalın dəstəklənməsinə yönəldilir. Həmin ölkələrdə istehsalı dəstəkləmək üçün istehlak krediti vasitəsilə tələbat yaradır: “Azərbaycanda situasiya fərqlidir. Əhali götürdüyü istehlak krediti ilə alman avtomobili, Cənubi Koreya telefonu, Fransa məişət texnikası, yapon televizoru və sair alır. Yerli sahibkarlar isə istehsal etmək üçün pul tapa bilmir. Ya da şərtlər o qədər ağır olur ki, sahibkar kredit götürməkdə maraqlı olmur. Axı, kredit ölkədə iqtisadi inkişafı şərtləndirən amillərdəndir. Zəruri həcmdə kreditin olmaması iqtisadi aktivliyi azaldır və ölkə iqtisadiyyatında tənəzzül yaranır. Onsuz da yüksək olmayan kredit qoyuluşunun 40 faizinin istehlaka, 15 faizinin ticarət və xidmət sektoruna yönəldilməsi real sektora yönəldilən vəsaitin nə qədər az olduğunu göstərir”.
Samir Əliyev həmçinin vurğulayır ki, inzibati tədbirlər də heç bir səmərə verməyəcək. Əksinə inzibati metodlar bank sektoruna zərbə vura bilər. “Ona görə də stimullaşdırıcı tədbirlər barədə düşünmək lazımdır. Əgər banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə, bu halda onları dolayı maliyyələşdirməyə stimullaşdırmaq olar. Real sektoru dolayı maliyyələşdirməyin yolu yerli malların alınması üçün banklar tərəfindən kreditlərin verilməsidir. Ölkədə az-çox inkişaf edən sahələrdən biri də mebel sənayesidir. Bu sahəyə istehlak krediti verməklə həm əhalinin mebel tələbatını ödəmək olar, həm də mebel istehsalını dəstəkləmək. Sumqayıt Texnologiyalar Parkını götürək. Parkda hazırda avadanlıqlar istehsal edilir və gələcəkdə onların çeşidi artırılacaq. Belə olan halda həmin məhsulların, məsələn günəş kollektoru, nəyə görə kreditlə alışı təmin edilməsin? Bəzi banklar tərəfində “indi al, pulunu hissə-hissə ödə” prinsipi ilə işləyən taksit kartları verilir. Həmin kartlar vasitəsilə yerli geyim mallarının alışını təmin etmək olar. Artıq adları əcnəbi dildə olan yerli brendlər formalaşır, onları dəstəkləmək lazımdır”,- deyə o, qeyd edib.
Onun sözlərinə görə, real sektorun maliyyələşdirilməsi vacib olduğundan, bu məsələ gündəmdə saxlanılmalıdır: “Bununla bağlı açıqlamalarımızda təkliflərimizi vermişik. Ancaq ilkin dövrdə hökumət yerli istehsalı dəstəkləyən istehlak kreditləşməsinin stimullaşdırılması barədə düşünməlidir. İstehlak kreditləşməsinin ağırlığı xarici mallardan yerli mallara keçməlidir. Banklarla şirkətlər arasında bu sahədə əməkdaşlıq başlamalıdır” (musavat.com).
Qaynar.info
Şərhlər