Xəbər lenti

Ekonomiks 15:39 09.03.2018

"Kommersiya bankları kredit faizlərini artırmaqla səhv edirlər" - EKSPERT

Kommersiya bankları həm manat, həm də xarici valyuta ilə verdiyi kreditlərin faiz dərəcələrini artırıb.

Belə ki, manatla kreditlərdə bu nisbət 13.35%, xarici valyuta ilə verilən kreditlərdə isə 9.66% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında manatla kreditlərin orta faiz dərəcəsi 13.20 %, xarici valyutada kreditlərin orta faiz dərəcəsi 9.76 % olub.

Banklararası kredit faizlərinə gəlincə, manatla kredit faizləri azalıb, xarici valyuta ilə artıb. Belə ki, ötən ilin dekabr ayında  banklararası orta kredit faizləri manatla kreditlərdə 11.80 %, xarici valyutada kreditlərdə 4.93% olmuşdusa, bu ilin yanvar ayında həmin nisbət manatla kreditlərdə 10.77 %, xarici valyutada kreditlərdə 6.46% təşkil edib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlama verib. O, kommersiya banklarının kredit faizlərini artırmalarının düzgün yol olmadığını, bunun problemli kreditlərin də həcminin artmasına gətirib çıxardığını bildirib:

"Əslində tərsinə olmalı idi, çünki Mərkəzi Bank uçot dərəcəsini də 2 faiz aşağı salıb. Lakin buna baxmayaraq kredit faizlərində artım müşahidə olunur. Bunun bir neçə səbəbi var. Birinci əsas səbəb odur ki, bankların vəziyyəti çox ağırdır və eyni zamanda səhv yolla gedirlər. Vəziyyətləri ağırlaşdıqca kredit faizlərini artıraraq daha çox gəlir əldə etməyi düşünürlər ki, problemlərini həll edə bilsinlər. Lakin bunun əksi baş verir. Kreditlərin faiz dərəcələri artdıqca insanların bu kreditləri geri qaytarmaq imkanları azalır və problemli kreditlərin həcmi artır. Yeri gəlmişkən problemli kreditlərin həcmində kifayət qədər sürətli artım var və bu proses bu gün də gedir. Həmçinin qəribə bir statistika açıqlayır. Bağlanan bankların kreditlərini hesabatdan tamam çıxarırlar və bununla da problemli kreditlərin artım sürətini aşağı göstərməyə çalışırlar. Bu da səhv yoldur. Fərq etməz, əgər ləğvetmə komissiyalarında olan problemli kreditlərin həcmi artırsa, bu ümumilikdə bank sektoruna ciddi təsir göstərir.

İkinci səbəb isə ondan ibarətdir ki, kommersiya banklarının özlərinin də kifayət qədər böyük həcmdə borcları var. Banklar ötən il xarici borclarının xeyli hissəsini qaytarıblar. Bu il isə təqribən 2,3-2,4 milyard manat ekvivalentində dollar qaytarmalıdırlar. Xaricə borcların ödəmə vaxtı yaxınlaşdıqca, banklar da kredit faizlərini artırmaq yolu ilə əlavə vəsait cəlb edərək borclarının bir hissəsini qaytarmağa çalışırlar. Çünki həm Azərbaycanın ölkə olaraq kredit dərəcəsi aşağı düşüb, həm də bankların böyük əksəriyyətinin kredit reytinqi aşağı səviyyədədir. Bu borclar qaytarılmalıdır ki, yeni borc xətlərinin açılması üçün danışıqlara başlanılsın. Yəni, bu iki əsas faktor Azərbaycanın bank sektorunda faizlərin artmasına səbəb olan amillərə çevrilib. Halbuki, faizləri aşağı salıb daha çox pul verməklə daha çox gəlir əldə edə bilərdilər. Bankların hazırda tutduğu yol kredit portfelinin zəifləməsinə, fəaliyyətinin aşağı düşməsinə və problemli kreditlərin artmasına gətirib çıxarır".
 
Ekspert həmçinin problemli kreditlərin həcminin düzgün hesablanmadığını da diqqətə çatdırıb:

"Rəsmi rəqəmlərdə problemli kreditlərin həcmi 14-15 faizdir. Amma bu, səhv hesablanır. Birincisi, bağlanan bankların problemli kreditləri hesabatda göstərilmir və bu, ləğvetmə komissiyalarının çiynində qalır. İkincisi isə hər hansı cüzi ödəniş olursa belə bunu problemli kredit hesab etmirlər. Yəni loru dillə desək, hansısa vətəndaş və ya şirkət ayda 1000 manat ödəməlidirsə, bunun 50-100 manatını ödəyirsə, həmin krediti artıq problemli kredit kimi qeydə almırlar. Bu da yanlışdır, çünki bunlar da problemli kreditlər kateqoriyasına aiddir. Qeyri-rəsmi rəqəmlər də var. Belə ki, dünyanın "Fitch" və "SMP" kimi nüfuzlu reytinq şirkətlərinin hesablamalarına görə ölkədə problemli kreditlərin həcmi 30-35 faiz ətrafındadır".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->