Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən "Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qədər artırılıb.
Qərara əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxt) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait veriləcək.
Qeyd edək ki, qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Şərhlər