Bayden-Putin görüşü: Tərəflərin bir-birindən istədiyi nədir? - Politoloq

Bayden-Putin görüşü: Tərəflərin bir-birindən istədiyi nədir? - Politoloq

"Belə görüşlər böhran dövründə münasibətlərdə yaşanan mövcud gərginliyi ancaq müəyyən səviyyəyə qədər azaltmağa kömək edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ Prezidenti Co Baydenlə Rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığını şər edərkən deyib. Həmsöhbətimiz bildirir ki, tərəflər bir-birindən həlli mümkün olmayan məsələlərin həllini gözləyir: 

"Qeyd edim ki, bu danışıqlar növbəti gərginlik fonunda baş verib. Putinin əsas istəyi NATO-nun şərqə tərəf genişlənməməsi, Rusiya ilə həmsərhəd ölkələrdə orta mənzilli raketlərin yerləşdirilməməsi, kritik silahlanmaya dəstək verilməməsiylə bağlıdır. ABŞ isə əvvəllər olduğu kimi yenə də buna getmir və bu mövqeyini təzyiq mexanizmi kimi saxlayır. Digər tərəfdən, Vaşinqtonun Moskvadan gözləntiləri də qeyri-mümkün görsənir. Krım, Donbas, Ukraynanın ərazi bütövlüyü məsələsində iki super güc arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında böhran uzunmüddətli və sistemlidir”. 
 


F. Məmmədovun fikrincə, dünənki görüş mövcud gərginliyi həll etmədi, sadəcə onu müəyyən müddətə təxirə saldı: 

"Heç kəs zəmanət verə bilməz ki, 2-4 aydan sonra belə gərginlik yenidən təkrarlanmayacaq. Çünki ABŞ hansı hərbi-siyasi blokda olmağı Ukraynanın suveren hüququ kimi tanıyır. Rusiya isə özü ilə həmsərhəd ölkələrin müstəqilliklərinə hörmətlə yanaşdığını desə də, onlar üçün "qırmızı xətt” də müəyyənləşdirir”. 

Ekspertin dediyinə görə, Vaşinqtonla Moskva kibertəhlükəsizlik və İran məsələsində isə əməkdaşlıq edə bilər: 

"Belə bir şəraitdə baş verən görüşün əsas əhəmiyyəti münaqişəni hərbi səviyyəyə çatdırmamaq, müəyyən səviyyədə oun qarşısını almaqdan və münasibətlərdəki sistemli böhran şəraitində heç olmasa bir neçə sahədə əməkdaşlıq etməkdən ibarətdir. Bu əməkdaşlıq kibertəhlükəsizlik və İran mövzusu ilə bağlıdır. Bu mövzular üzərində birgə təmas formatı formalaşıb. Amma münasibətlərdəki böhran çox dərindir. Onu aradan qaldırmaq üçün onilliklər lazımdır”. 

Rüfət Sultan

XƏBƏRLƏR
BLOGLAR
X