Xəbər lenti

Bayıl ərazisində qarışıq durum: köçürülmə niyə yubanır?
Ölkə 22:48 21.02.2019

Bayıl ərazisində qarışıq durum: köçürülmə niyə yubanır?

"Ya vaxt uzatmaq məqsədilə belə edirlər, ya da camaatın rəyini yoxlayırlar”

Bayıl yamacında sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsinin problemləri həll olunmamış qalıb. Belə ki, məcburi köçkün ailələrinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.

Məcburi köçkün ailələri bildirirlər ki, araşdırma aparıb öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır. Bütün bunlara etiraz olaraq məcburi köçkün ailələrin fevralın 15-də Bayılda aksiya keçirdilər.

Musavat.com-a  məlumat verən sakinlər bildiriblər ki, aksiyadan sonra 46 nömrəli Mənzil İstismar İdarəsinin rəisi onlarla görüşüb, bildirib ki, şikayətlərini icra başçısına çatdıracaq. Eyni zamanda icra hakimiyyətində də sakinlərə xəbər göndərilib ki, başçı onlarla görüş keçirəcək. Lakin hələ də başçı əraziyə gəlib, sakinlərlə görüşməyib. Sakinlərin verdiyi məlumata görə, ərazidə narazı olanlar təkcə məcburi köçkünlər deyil, eyni zamanda köçürülməsi planlaşdırılan digər ailələr də veriləcək kompensasiyadan narazıdırlar. Sakinlərə konkret olaraq kompensasiyanın məbləği deyilməyib. Lakin şayiə yayılıb ki, onlara hər kvadrat üçün 700 manat ödəniləcək. Bu məbləğ isə məcburi köçkün olmayan, köçürülməsi planlaşdırılan ailələri qane etmir.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Mövcud durumla bağlı sakin Elməddin Muradlı bildirib ki, sakinlər məsələ ilə bağlı ölkə prezidentinə, Nazirlər Kabinetinə rəsmi məktub yazıblar: "Əgər növbəti həftəyə qədər cavab olmasa, sakinlər Nazirlər Kabinetinə getməyi düşünürlər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə də görüş planlaşdırılır. Çünki heç kim camaata dəqiq bir cavab demir. Bu isə insanlarda narazılıq yaradır. Söz verirlər, əməli iş isə yoxdur. Məcburi köçkün olmayan ailələrlə gizlin görüşlər aparırlar. Camaatı da narahat edən elə bu məsələdir ki, niyə ayrı-seçkilik salırlar. Qış boyu burada yaşayan sakinlərə qaz verilmədi. Bəzi adamlar özləri qaz çəkdilər, bəziləri neftlə işləyən soba quraşdırdı, bir qisim də elektrik sobalarından istifadə etdi. Adamlar bir otağa yığışıblar ki, evi qızdıra bilsinlər. Durum olduqca çətindir, yanaşmalar isə biabırçı. Yanvar ayında kirayə pulları dayandırılıb. Adamlar var ki,  yanvar ayının sonuna qədər gözləyib, kirayə pulunu da öz cibindən verib. Kirayə pulu ödənilmədiyi üçün təzədən öz evinə qayıdıb, ikicə gün qalıb. Bunu da MİS-in işçiləri görüb deyirlər ki, sən öz evindən qalırsan, kirayə pulunu verməyəcik.  Adam bunların məsuliyyətsizliyindən bir aylıq pul ödəyib, dediklərinə baxın. Nə kommunal xətləri bərpa edirlər, nə də normal kirayə pulu verirlər. İnsanlarla oyun oynayıb, onları ələ salırlar”.

Sakinlər müsavat.com-a bildirib ki, ötən gün "Azərişıq”dan nümayəndələr gəlib, əhalinin işıqlarını kəsəcəklərini bildiriblər: "Yenə də təzyiq metodlarına başlayıblar. Camaat aksiya etməlidir də. Yerli camaata deyirlər ki, kvadratına 700 manat pul veriləcək. Necə olur ki, bizdən 100 metr aşağıda tikilən binadakı mənzillərin kvadratını 3-5 min manata satırlar?  Milləti bu cür incitmək olmaz. Səbayel rayonunun icra başçısı 2 aydır ki, camaatla görüşmür. Nə kompensasiya ilə bağlı bir söz deyilib, nə də rəsmi şəkildə açıqlama vermirlər ki, köçürülmə ilə bağlı qərar verilib, yoxsa yox. Görünür Səbayel Rayon İcra Hakimiyyəti camaatın arasında nəbzyoxlama prosesi aparır. Çünki nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nazirlər Kabinetindən köçürülmə ilə bağlı heç bir tapşırıq verilməyib. Sadəcə olaraq Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri ortaya atılıblar. Belə bir oyunlar gedir. Hər dəfə də sakinlərə vəd verirlər ki, heç yerə getməyin, özümüz həll edəcəyik. Bu necə olur? Yuxarı qurumlar razı olmasa, rayon icra hakimiyyəti camaatı köçürəcək?  Bu dəqiqə hökumətin əlində dəqiq siyahı var ki, kimin evi neçə kvadratdır, nə qədər ailə üzvü var. Çünki ən azı 30 dəfə ölçüblər, yazıblar. Ortada da heç nə yoxdur. Ya vaxt uzatmaq məqsədilə belə edirlər, ya da köçürmə ərəfəsindədirlər, camaatın fikirlərini yoxlayırlar”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->