Ölkə 15:11 18.09.2020

Bazarlarımızda test aparsaq, COVİD-19-u pozitiv çıxanlar olacaq... - İnfeksionist

"Müxtəlif rayon bazarlarında test aparsaq, COVİD-19-u pozitiv çıxan insanlar aşkar olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev "Şəki Bazar”da 12 nəfərdə COVİD-19 virusunun aşkar edilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Təbib rəsmisinin fikrincə, əslində, kütləvi yerlərin hər birində testlər aparılsa, yoluxma halları müşahidə olunacaq:

"Düşünmürəm ki, kütləvi yerlərdə aparılan testlərin cavabında hamı təmiz çıxsın. Koronavirus insanlar arasında yayılıb. Bu baxımdan kütləvi yerlərə getdiyimiz zaman hər bir insana potensial virus daşıyıcısı kimi baxmalıyıq. İlk öncə də özümüzü qorumalıyıq, istəlinən halda biz virus daşıyıcısı ola bilərik”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah "Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb. "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Bahar Rüstəmli